Azərbaycanın neytral mövqeyi Bakını sülh masasına çeviri
“Azərbaycan diplomatiyasının çevikliyi digər ölkələrin diqqətini cəlb edir. Artıq bir çox dövlət Bakıya diplomatiya və danışıqlar üçün ən uyğun platformalardan biri kimi baxır. Ukrayna ilə Rusiya arasında 4 ildir davam edən müharibə dünyada gərginliyin artmasına səbəb olub. Rəsmi Bakı müharibənin başladığı gündən bu günə qədər tərəfsiz mövqe sərgiləməyə üstünlük verib. Azərbaycan tərəflər arasında müharibə başladıqdan dərhal sonra problemin diplomatik və dinc yollarla həllinə çağırış edib”.
Bu fikirləri politoloq Tofiq Abbasov Sherg.az-a Ukrayna Prezidentinin Rusiya ilə növbəti danışıqların Azərbaycanda keçirilməsi ehtimalı ilə bağlı açıqlamasını şərh edərkən səsləndirib:
“Faktiki olaraq Rusiya və Ukrayna xalqlarının viran olmuş torpaqlarda yaşam uğrunda mübarizəyə sarıldığının şahidi oluruq. Onların imdadına yetişənlərdən biri də Azərbaycandır. Rəsmi Bakı Ukraynaya humanitar yardımlar göndərməklə yanaşı, uşaqların ölkəmizdə reabilitasiya xidmətlərindən yararlanmasını da təmin edir. Hətta yaxın zamanda 29 ukraynalı uşaq Azərbaycana gətirilərək reabilitasiya prosesinə cəlb olundular. Azərbaycanın həm Rusiya, həm də Ukrayna liderləri ilə münasibətləri qoruyub inkişaf etdirməsi, növbəti danışıqların ölkəmizdə keçirilməsi üçün əlverişli zəmin yaradır”.
Politoloqun sözlərinə görə, Azərbaycan, Rusiya və Ukraynanı tarixin dərin qatlarında dolaşan görünməz tellər bir-birinə bağlayır:
“Onlar postsovet məkanında yerləşir və uzun illər eyni siyasi və iqtisadi sistem daxilində fəaliyyət göstəriblər. Əlaqələr üçtərəfli formatda formalaşmasa da, Azərbaycan hər bir ölkə ilə ikitərəfli əsasda iqtisadi, ticarət, enerji, nəqliyyat, təhlükəsizlik və mədəni sahələrdə əməkdaşlıq edir. Azərbaycanın Ukraynada böyük diaspor təşkilatı var. Qurumun əsas fəaliyyəti Azərbaycan mədəniyyətinin və dilinin təbliği, iki xalq arasında dostluq münasibətlərinin inkişafı, humanitar təşəbbüslərin həyata keçirilməsi, eləcə də gənclərin təhsili ilə bağlı layihələrin təşviqindən ibarətdir”.
Analitik Ukraynanın Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlarından söz açıb:
“Ölkəmizdə Azərbaycan ukraynalıları Konqresi qurumu fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi, Azərbaycanda yaşayan ukraynalıların birliyini təmin etmək, onların milli-mədəni kimliyini qorumaq və inkişaf etdirməkdir. Rusiyada isə təxminən 300 mindən çox azərbaycanlı yaşayır. Xalq diplomatiyasının güclənməsi ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır. Bütün bunları nəzərə aldıqda, Azərbaycanın Rusiya və Ukrayna arasındakı gərginliyin sabitləşməsinə töhfə verə biləcək ölkələrdən biri olduğunu söyləmək olar”.