“Tramp Rza Pəhləvini qəbul etmədi, İran üçün başqa model realdır” - TƏHLİL

Trampın İran üçün nəzərdə tutduğu şəxs Pezeşkian ola bilər

Şah Məhəmməd Rza Pəhləvinin sürgündəki oğlu Şahzadə Rza Pəhləvinin İranda rejim dəyişikliyi olacağı halda hakimiyyətə gəlmək niyyəti barədə fikirləri ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənməyib.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Pəhləvi haqqında müsbət fikirdə olduğunu söyləsə də, İranda siyasi liderlik üçün ölkədəki uyğun şəxsə ehtiyac olduğunu vurğulayıb: “Biz Pəhləvi barədə çox düşünməmişik. Mənə elə gəlir ki, içəridən kimsə daha uyğun ola bilər. Pəhləvi yaxşı insan kimi görünür, amma hazırda ölkə daxilində populyar olan biri mənə daha uyğun görünür", - deyə ABŞ lideri vurğulayıb.

Tramp onu da əlavə edib ki, İranda hakimiyyət dəyişikliyi üçün düşündükləri şəxslər hücum zamanı ölüb.

Politoloq Yusif Bağırzadə “Sherg.az”a açıqlamasında ABŞ prezidenti Donald Tramp İsrailin layihəsini, yəni Rza Pəhləvinin İranda hakimiyyətə gətirilməsini mümkün olmayan variant kimi qeyd edib: “Rza Pəhləvi ABŞ prezidentinə qəbulla bağlı müraciət etsə də, Tramp onu qəbul etməmişdi”. 

Y. Bağırzadə Venesuela modelinə oxşar yanaşmanı İran üçün daha realist hesab edir:

“Venesuela Prezidenti Nikolas Maduronun həbsindən sonra ölkənin konstitusiyasına və dövlət strukturuna uyğun olaraq hakimiyyətin icrasını davam etdirmək üçün ölkənin vitse prezidenti Delsi Rodriqes keçici Prezident kimi fəaliyyət göstərir.

İranda da 1979-cu ildən molla rejimi hakimiyyətdədir. Kənardan birinin İranda hakimiyyətə gətirilməsi İran daxilində onsuz da mövcud olan qeyri stabil vəziyyəti daha da gərginləşdirə bilər. Üstəlik İrandakı qeyri stabillik fars körfəzindəki digər dpvlətlərə də sıçraya bilər”. 

Politoloqun fikrincə Trampın İran üçün nəzərdə tutduğu şəxs İran Prezidenti Məsud Pezeşkian ola bilər: 

“Pezeşkian region siyasətində dialoq və danışıqlar tərəfdarı kimi görülən siyasi fiqurdur. O reformist cərəyanla assosiasiya olunur və ondan əvvəlki sərt xəttə nisbətən daha yumşaq mövqedə durur. Zorakı münaqişələrdə şəxsi məsuliyyət daşımır və danışıqlar yolu ilə gərginliyin azaldılmasını dəstəkləyir. Əli qana da batmayıb. Üstəlik, Pezeşkian həm ərəb, həm də türk dövlətləri tərəfindən qəbul olunur”.