Trampdan qalmaqallı paylaşım: Obama cütlüyünü “meymun”a bənzətdi

ABŞ Prezidenti Donald Trampın keçmiş prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanı meymun kimi təsvir edən videonu paylaşması Vaşinqtonda böyük qalmaqala səbəb olub.

Sherg.az xəbər verir ki, Donald Tramp paylaşımı ona məxsus Truth Social platformasında edib. Video qısa müddətdə geniş reaksiyalara yol açıb, Demokratlar Trampı açıq şəkildə irqçilikdə ittiham ediblər.

Təxminən bir dəqiqəlik videonun sonunda Barak və Mişel Obamanın üzləri rəqəmsal üsulla meymun bədənlərinə yerləşdirilib. Arxa planda “The Lion Sleeps Tonight” mahnısı səslənir. Videoda Trampın 2020-ci il seçkilərinin ondan “oğurlandığı” barədə dəfələrlə təkzib olunmuş iddialarına da yer verilib.

“Bir prezidentə yaraşmayan iyrənc davranış”

Paylaşım Demokrat Partiya düşərgəsində kəskin etirazlara səbəb olub. Kaliforniya ştatının qubernatoru və 2028-ci il seçkilərində mümkün namizəd kimi göstərilən Qavin Nyusomun ofisi Trampın addımını “bir prezidentə yaraşmayan iyrənc davranış” adlandırıb.

“Tarixin qara ləkəsi”

Obamaya yaxın şəxslər də sərt reaksiya veriblər. Keçmiş Ağ Ev rəsmisi Ben Roudz bildirib ki, gələcəkdə amerikalılar Obamaları hörmətlə xatırlayacaq, Tramp isə “tarixin qara ləkəsi” kimi yadda qalacaq.

Qeyd edək ki, ABŞ tarixinin ilk qaradərili prezidenti Barak Obama 2024-cü il seçkilərində Trampın Demokrat rəqibi Kamala Harrisə açıq dəstək verib. Trampın bu paylaşımının seçki öncəsi şüurlu təxribat olduğu bildirilir.

Tramp tərəfdən isə hələlik rəsmi açıqlama verilməyib.