Ukrayna kəşfiyyatı: “Rusiya 2027-ci ildə Baltik regionunu işğal edəcək”

Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov Rusiyanın Avropada mümkün hərbi addımlar üçün hazırlıq qrafikini irəli çəkdiyini və Baltik ölkələrini işğal etməyə yönəlik planlar qurduğunu iddia edib. Budanov bildirib ki, ilkin olaraq 2030-cu il üçün nəzərdə tutulan hazırlıq müddəti 2027-ci ilə endirilib.

Sherg.az xəbər verir ki, Kirilo Budanovun sözlərinə görə, Rusiyanın mümkün ilk hədəfləri Litva, Latviya və Estoniya olacaq. Polşanın isə Moskva tərəfindən bu mərhələdə işğal ediləcək ölkə kimi deyil, hərbi hücum hədəfi kimi qiymətləndirildiyi qeyd olunur.

Ukraynalı kəşfiyyat rəhbəri Rusiyanın ərazi genişləndirmə istəklərini ideoloji yanaşma ilə əsaslandırıb. Budanov vurğulayıb ki, Kreml Qərbi “zəif, xəstə və qərarsız” kimi görür, özünü isə imperiya olaraq təqdim edir və bu düşüncə tərzi genişlənməyə yönəlmiş siyasəti qidalandırır.

Digər tərəfdən, Müharibənin Öyrənilməsi İnstitutu (ISW) oktyabr ayında yayımladığı hesabatda Rusiyanın NATO ilə mümkün qarşıdurmaya hazırlıq prosesini sürətləndirdiyini və informasiya–psixoloji infrastrukturun formalaşdırılmasına başladığını bildirib.

Budanov həmçinin iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin bu proses çərçivəsində Rusiya ictimai rəyini də hazırlayır. Onun sözlərinə görə, məqsədlərdən biri Avropanın güclü və dəyərli olduğu fikrini Rusiya cəmiyyətinin şüurunda sarsıtmaqdır.