Vadim Truxan: Putin razı olmayınca heç nə razılaşdırılmış sayılmır
Valeriy Dımov: Zelenskinin Putinə zəng etmək üçün xalqdan mandatı yoxdur
ABŞ, Florida da baş tutan görüş dünya ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bir sıra ekspertlər və icmalçılar bu görüşdən irəliləyiş və hətta sülhün gələcəyinə dair yüksək gözləntilər irəli sürüblər. Eyni zamanda, Fox News məlumat yayıb ki, Prezidentlər Donald Tramp və Vladimir Zelenski arasında baş tutan danışıqlar Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə beş ildən artıq müddətdə ilk telefon danışığı üçün katalizator ola bilər.
Trampın Zelenski ilə görüşü, Zelenskinin 20 bəndlik razılaşmanın 90%-nin razılaşdırıldığı barədə açıqlaması, Trampın Putinlə telefon danışığı-bunların hər birinin sülh prosesinə təsiri hələ dəqiqləşməyib. Gələcəkdə tərəflər razılığa gələ biləcəkləri, yaxud danışıqların daha uzun müddət davam edəcəyi isə sual altında qalmaqda davam edir:
Ukraynalı diplomat, “Ukraynanın Avropa hərəkatı" İctimai təşkilatının idarə heyətinin sədri, 2008-2010 illərdə Avropa və avro-atlantika inteqrasiya Koordinasiya bürosunun direktoru Vadim Truxan Sherg.az-a açıqlamasında görüşlə bağlı gözləntilərin şişirildildiyini söyləyib:
"Nədənsə bir sıra icmalçılar və ekspertlər hesab edirdilər ki, Zelenski Floridadan sülh gətirəcək. Bu, tamamilə səhv bir fərziyyə idi. Çünki Rusiya orada deyildi. Münaqişənin və müharibənin tərəfi Amerika Birləşmiş Ştatları deyil, Rusiyadır. Ukrayna Rusiya ilə müharibədədir, Amerika Birləşmiş Ştatları ilə deyil. Buna görə də orada hər hansı ciddi irəliləyiş razılaşmaları gözləmək, ən azından, uzaqgörənlikdən uzaq idi. Xoşbəxtlikdən, bu ilin fevralında Oval Ofisdə olduğu kimi hər hansı bir münaqişəli vəziyyət yaranmadı. Tramp və Zelenski həm mətbuatda, həm də şahidlərin sözlərinə görə, danışıqlar zamanı bir-birlərinə qarşı çox mehriban və bərabər davrandılar. Beləliklə, iki lider arasında müəyyən bir kimya, müəyyən bir ünsiyyət tərzi artıq formalaşıb. Bəzi sənədlərin 90%, 95% və hətta 100% razılaşdırılması heç nə demək deyil. Hər şey razılaşdırılmayınca, Rusiyanın razılığı alınmayınca, Putin razı olmayınca heç nə qərarlaşdırılmış sayılmır. Buna görə də, hazırda hər hansı bir irəliləyişdən və ya danışıqları başa çatdırmaqdan, müharibəni bitirməkdən bir addım uzaq olduğumuzdan danışmaq tamamilə tezdir. Daha da önəmlisi, iki işçi qrupun yaradılması qərarının qəbul edilməsi göstərir ki, qarşıda hələ çox uzun yol var".
Ekspert müəyyən məsələlərin tamamilə işlənmədiyini, inkişafın ilkin mərhələsində olduğunu söyləyib, şayiələrlə bağlı fikirlərini bölüşüb:
"Bunlara ərazi, zəmanət və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələlər daxildir. Prezident Zelenski ABŞ ilə zəmanətlərin 100% razılaşdırıldığını, Avropa ilə isə demək olar ki, razılaşdırıldığını söyləsə də, işçi qrupların yaradılması bu iddialarla ziddiyyət təşkil edir. Beləliklə, bu, münaqişənin tərəfləri arasında deyil, tərəfdaşlar arasında yaxşı bir danışıqlar mərhələsi idi. Amma bu, hələ sülhə gətirib çıxarmayıb. Yalnız proqnozlaşdırmaq olar ki, yanvar-fevral aylarında danışıqlar davam edəcək və bəlkə nəyəsə nail olmaq mümkün olacaq. Ehtimalla bağlı şayiələrə gəldikdə isə Zelenski ilə Putin arasında baş verə biləcək xüsusi telefon danışığı barədə isə heç nəyi istisna etmək olmaz. Amma bir şey aydın deyil. "Putinə bu telefon danışığı nə üçün lazımdır? Ultimatumunu təkrarlamaqmı istəyir? Münasibətləri pozmaq üçünmü lazımdır?"-bu məsələrin hər biri sual doğurur. Şübhə edirəm ki, Putinin bu məqamda hər hansı bir motivasiyası var".
Analitik bildirib ki, Zelenskinin danışmağa hazır olacağı gözlənilir:
"Müharibəni bitirmək üçün hər kəslə, hətta şeytanla da danışmaq lazımdır. Beləliklə, vəziyyətin necə inkişaf edəcəyini görəcəyik".
Digər ukraynalı ekspert Valeriy Dımov sülhün olmayacağını söyləyib:

"Putinlə Zelenski arasında telefon danışığı olmayacaq. Zelenskinin Putinə zəng etmək üçün xalqdan mandatı yoxdur".