Cənubi Qafqazın taleyi Tramp-Əliyev görüşündə müəyyənləşəcək
ABŞ Prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderlərini Ağ Evə dəvət edib. Məqsəd noyabrın 6-da Vaşinqtonda C5+1 formatında onların iştirakı ilə keçirilməsi nəzərdə tutulan Orta Asiya-ABŞ sammitidir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə Azərbaycanın potensial iştirakı ilə bağlı da fikirlərini bildirib. Tokayev Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edib: "Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq". Yəni ABŞ Administrasiyasından dəvət gələrsə, Prezident İlham Əliyevlə amerikalı həmkarı üçüncü dəfə bir araya gələ bilər. İndiyə qədər iki görüş olub. Biri 8 avqustda Ağ Evdə keçirilən sülh zirvəsidir, digəri Misirdə baş tutan Qəzza sammiti. Bu dəfə də Vaşinqton sammiti olacaq, lakin Azərbaycanın iştirakı haqda rəsmi məlumat verilməyib. Çünki bu tədbir Mərkəzi Asiya ölkələrinin liderləri ilə baş tutacaq.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, ABŞ Prezidenti D.Trampın Azərbaycana münasibəti olduqca yüksək səviyyədədir. Ekspertin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ rəhbəri D.Tramp arasında yüksək səviyyəli münasibətlər mövcuddur:

"Bu da ABŞ-Azərbaycan münasibətlərinin strateji istiqamətlərə yönəlməsinə səbəb olur, yol açır. Hazırda Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasına hazırlıq prosesi görülür. Yaxın vaxtlarda həmin saziş imzalanacaq. Azərbaycan-ABŞ rəsmən strateji tərəfdaş münasibətlərinə malik olacaqlar. Ona qədər qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması və inkişaf mərhələsində olması müşahidə edilir. Avqustun 8-də imzalanan sənədlərdən sonra ABŞ-nin həm Cənubi Qafqaza, həm də konkret Azərbaycana münasibəti ciddi şəkildə dəyişib və strateji xarakter daşıyır. Ona görə də Azərbaycan Prezidentinin ABŞ rəhbəri D.Tramp tərəfindən ABŞ-Orta Asiya ölkələri arasındakı sammitə dəvət olunma ehtimalı və belə bir niyyətin olması qətiyyən təəccüblü olmamalıdır".
Analitik bəyan edib ki, ABŞ Administrasiyası Azərbaycan dövlətini Vaşinqtonun güvənə biləcəyi, etimad göstərə biləcəyi dövlətlərin sırasında görür:
"Bunun özü inkişaf etməkdə olan ikili münasibətlərin bariz nümunəsidir. Azərbaycan Prezidenti ABŞ-Orta Asiya sammitinə dəvət olunarsa, böyük ehtimalla Trampla İlham Əliyev arasında ikitərəfli növbəti görüşün keçirilmə ehtimalı da mövcuddur. Ehtimal olunan həmin görüşdə ABŞ-nin Cənubi Qafqazla bağlı hədəflərinin, eyni zamanda regionun gələcək taleyinin geniş şəkildə müzakirə olunacağı istisna deyil".
İsmayıl Qocayev