ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibə fonunda ölkədə benzin və enerji qiymətlərinin yaxın gələcəkdə yüksək səviyyədə qalacağını etiraf edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə WABC radiostansiyasına müsahibəsində danışıb.
ABŞ lideri İrana qarşı müharibənin gedişatını qiymətləndirərək proseslərin Vaşinqton üçün “çox yaxşı” getdiyini iddia edib.
“Düşünürəm ki, xalq nə etdiyimizi görür. Çünki İran heç vaxt nüvə silahına sahib olmamalıdır. Bu, çox sadədir”, – Tramp bildirib.
Prezident amerikalıların mövcud vəziyyəti anlayışla qarşıladıqlarını düşündüyünü deyib və enerji daşıyıcılarının bahalaşmasının bir müddət davam edəcəyini bildirib.
“Mən onlara deyirəm ki, enerji qiymətləri bir qədər yüksək, benzinin qiyməti isə əvvəlkindən bir qədər baha olacaq”, – Tramp qeyd edib.
ABŞ Prezidenti, həmçinin Hörmüz boğazındakı vəziyyətə toxunaraq Amerika Silahlı Qüvvələrinin boğaza “mahiyyət etibarilə nəzarət etdiyini” iddia edib.
ABŞ milli avtomobil assosiasiyasının məlumatına görə, hazırda ölkədə bir qallon (3,79 litr) benzinin orta qiyməti 4,1 dollara çatıb. Bir il əvvəl isə bu göstərici 3,1 dollar olub.