Açıq satılan balıqlar keyfiyyətini itirir - Ekspert

Balıq mövsümünün başa çatmasına az vaxt qaldıqca əhali Omega 3 - sağlam protein, D vitamini, kalsium, yod... depolamağa çalışır. Qırmızı ətlə müqayisədə balıq daha sağlam protein qaynağıdır. Bunun səbəbi balıq yağında olan omeqa-3 yağ turşularıdır. Omega-3 bədənimizin həqiqətən ehtiyac duyduğu "yaxşı" və ya sağlam yağlardır. Ama balığı hardan almalı? Məlumdur ki, paytaxtımızda keyfiyyətli balıq tapmaq asan məsələ deyil. Son illərdə balıqların süni yetişdirildiyi məlumudur və dəniz, çay balığı əldə etmək müşküldür. Marketlərdə satışa qoyulan balıqlar isə əsasən dondurulmuş və konservləşdirilmiş məhsullardır.

“Təzə ovlanmış balıq” adı il satılanlara isə etibar edilmir. İşin çətinliyi budur ki, dondurulmuş balıqlar da düzgün şəraitdə saxlanmır və satılmır. Sherg.az xəbər verir ki, qida məsələləri üzrə ekspert Ağa Salamov əhaliyə müraciətlə balıq məhsulları alarkən diqqət edilməli məqamları açıqlayıb: 

- Dondurulmuş balıqlar bəzi hallarda açıq şəkildə və qablaşdırılmadan təqdim olunur. Bu isə balığın səthindəki suyun buza çevrilməsinə, eyni zamanda keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bu kimi hallar istehlakçılar arasında haqlı narazılıq yaradır və qida təhlükəsizliyi ilə bağlı suallar doğurur. Halbuki həm təzə, həm də dondurulmuş balıqlar uyğun gigiyenik şəraitdə saxlanmalı və mütləq şəkildə düzgün qablaşdırılmalıdır. Dondurulmuş məhsullarda keyfiyyətin qorunması birbaşa qablaşdırmadan və temperatur sabitliyindən asılıdır. Məhsul hava ilə təmasda olduqda və ya dondurucuda temperatur tez-tez dəyişdikdə onun səthində arzuolunmaz dəyişikliklər baş verir. Dondurucuda saxlanılan qidalarda məhsulun bəzi hissələri ağarmış, qurumuş və ya sanki “yanmış” kimi görünür. Bu, əslində istiliklə bağlı deyil, uzun müddət düzgün olmayan şəraitdə saxlanmanın nəticəsidir. Məhsulun səthindəki nəmlik tədricən itir, bunun yerində isə xırda buz kristalları əmələ gəlir. Xüsusilə qablaşdırma zəif olduqda və ya məhsul açıq halda saxlanıldıqda bu proses daha sürətli gedir. Nəticədə qidanın rəngi dəyişir, səthi quruyur və bişirildikdə əvvəlki şirəliliyi və dadı hiss olunmur. Bu hal adətən sağlamlıq üçün təhlükəli sayılmır, lakin məhsulun keyfiyyətini və teksturasını ciddi şəkildə aşağı salır.

A.Salamov əhaliyə məsləhət gördü ki, dondurulmuş balıq alarkən məhsulun qablaşdırılmış olmasına, üzərində qalın buz qatının olmamasına və saxlanma şəraitinə xüsusi diqqət yetirsinlər. Açıq halda, suyun içində və ya piştaxtalar düzülmüş balıqları alarkən də ehtiyatlı olsunlar. Şişkin balıqları almaqdan çəkinsinlər, etibar etdikləri satıcılardan alış-veriş etsinlər.