Agentlik açıqladı: Riskli qida məhsulları ya geri qaytarılır, ya da məhv edilir

Vətəndaşlara çağırış edilir ki, şübhəli qida halları üçün 1003 qaynar xətti aktivdir

Son günlər marketlərdən alınan toyuq məhsullarının keyfiyyəti ilə bağlı vətəndaşlar arasında narazılıq müşahidə olunur. Sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, bəzi istehlakçılar toyuq ətinin dadı və keyfiyyətindən şikayətlənirlər.

Bu cür hallar satışa çıxarılan ət məhsullarının təzəliyi və təhlükəsizliyi ilə bağlı şübhələri artırıb. Mütəxəssislər isə bildirirlər ki, ət, toyuq və balıq məhsulları yüksək qida dəyərinə malik olsa da, düzgün saxlanmadıqda və gigiyenik qaydalara əməl edilmədikdə, təhlükəli mikroorqanizmlərlə çirklənərək, qida zəhərlənmələrinə səbəb ola bilər.  

Məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova Sherg.az-a bildirib ki, qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləmə tədbirləri həyata keçirilir:

“Ölkədə istehsal və idxal olunan bütün qida məhsulları, eləcə də ət məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri görülür. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Agentliyin müfəttişləri tərəfindən məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Sınaq nəticələri normativ tələblərə uyğun olduqda, məhsul partiyaları qida təhlükəsizliyi sertifikatı ilə təmin olunur. Uyğun olmayan məhsulların isə geri qaytarılması, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul edilir”.

H.Həsənovanın sözlərinə görə, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən növbədənkənar yoxlamalar aparılır:

“Xüsusilə də məhsullar laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, qanunamüvafiq tədbirlər görülür. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başladılaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.