Azərbaycan Türk dövlətlərinin inteqrasiyasında hər zaman öncül rol oynayıb -RƏY

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb. Müraicətdə ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun mühüm addım olduğu vurğulanıb. Ümumiyyətlə Türk dünyasının mədəni, tarixi və ictimai əlaqələrinin gücləndirilməsi uzun illərdir müxtəlif səviyyələrdə təşəbbüslərlə dəstəklənir. Son dövrlərdə isə bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Xüsusilə qeyri-hökumət təşkilatlarının iştirakı ilə təşkil olunan forumlar, həm üzv ölkələr, həm də digər türk topluluqları arasında fikir mübadiləsi və birgə layihələrin inkişaf etdirilməsi üçün önəmli platforma rolunu oynayır. Bu cür təşəbbüslər, türk xalqlarının həm tarixi, həm də müasir kontekstdə daha sıx əlaqələr qurmasına şərait yaradır.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında Türk dövlətlərinin qeyri-hökumət təşkilatlarının bu forumunun uzun müddət gözlənilən, lakin gecikmiş bir təşəbbüs olduğunu söyləyib: 

"Buna bənzər toplantılar əvvəllər də olub. Bu toplantılarda həm Türk Dövlətləri Təşkilatının üzv ölkələri, həm də təşkilatdan kənarda qalan, xüsusilə Rusiya işğalı altında olan türk topluluqları, İrandakı, Balkanlardakı, eləcə də İraq və Suriyadakı türklər iştirak ediblər. Lakin rəsmi şəkildə, xüsusi olaraq Türk Dövlətləri Təşkilatının adı altında belə bir forumun keçirilməsi ilk dəfədir və bu təşəbbüsün öncüsü Azərbaycandır. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti isə gündəmə və formaya tam uyğundur. Xüsusilə diqqətimi çəkən məqam 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda keçirilmiş birinci türkoloji qurultayın məqsədlərinin xatırladılmasıdır. Prezident forum iştirakçılarına həmin məsələləri xatırladıb və onlara yönəlik fəaliyyətlərin həyata keçiriləcəyini bildirib".

Müsahibimiz Azərbaycanın bu istiqamətdə artan rolunun sevindirici hal olduğunu vurğulayıb: 

"Azərbaycan Türk dövlətlərinin inteqrasiyası və bir-birinə yaxınlaşması istiqamətində həmişə öncül rol oynayıb. Təsadüfi deyil ki, rəsmi Bakı QHT sahəsində də bu sahədə liderlik edir. Ümidvarıq ki, bu başlanğıc uğurlu olacaq, yeni bir müstəvidə vətəndaş cəmiyyəti daha dərin əməkdaşlıq quracaq. Nəticədə türk xalqları bir-birinə daha da yaxınlaşacaq".