- Yaşayış binalarında bu müdaxilə qətiyyən yolverilməzdir
Qardaş Türkiyədə dəhşətli faciələrə səbəb olmuş 06 fevral 2023-cü il zəlzələsindən sonra binaların dayanıqlığı geniş müzakirə mövzusu oldu. Eynilə ölkəmizdə də, xüsusən paytaxt Bakıda son illərdə inşa edilmiş hündürrmərtəbəli binaların zəlzələyə davamlılığı mübahisələr yaratdı.
Bu mənada illər əvvəl tikilmiş çoxmərtəbəli binalara yenidən əlavə mərtəbələr inşa etmək təhlükə riskini artırmırmı? Əgər layihədə binanın deyək ki, 9 mərtəbə deyil, 10-11 mərtəbə olması nəzərdə tutulubsa, niyə bina tam inşa edilmir, tikinti tam başa çatdıqdan sonra mənzillərə köçürmə başlamır, sakinlər köçdükdən bir neçə il sonra yenidən binanın mərtəbələri artırılır? Xırdalan şəhərində 10 ildən artıqdır istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binasında hazırda əlavə tikinti işləri aparılır. Teleqraf xəbər verir ki, yaşayış binasının üzərində daha iki mərtəbənin inşası həyata keçirilir. Bununla bağlı redaksiyaya müraciət edən sakinlər aparılan tikinti işlərindən narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, uzun illərdir yaşayış olan binanın üzərində əlavə mərtəbələrin tikilməsi ciddi narahatlıq doğurur. Sözügedən yaşayış binası Xırdalan şəhərində bir neçə çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmiş “Abşeron A1” MTK-ya məxsusdur.
Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov Sherg.az-a açıqlamasında qeyd etdi ki, binaların dayanıqlılığı, təhlükəsizlik nəzarəti və mərtəbə sayının təsiri ilə bağlı fərqli dövrlərdə, xüsusilə Türkiyə zəlzələsindən sonra aktuallaşıb. Şəhərsalma qaydalarına riayət edilməsinin nə qədər önəmli olduğu vurğulanıb: 
- Azərbaycanda 2006-cı ildən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Tikintiyə Nəzarət Dövlət Agentliyi fəaliyyət göstərir. Bu qurum ölkədə inşa olunan binaların layihəyə uyğunluğunu və seysmik dayanıqlılığını ciddi şəkildə yoxlayır və nəzarətdə saxlayır. Binanın zəlzələyə dözümlülüyü sadəcə onun az və ya çox mərtəbəli olmasından asılı deyil. Əsas məsələ binanın özülünün düzgün qoyulması, istifadə olunan beton və armaturun keyfiyyəti, mühəndislik hesablamaları və qruntun – torpağın xüsusiyyətlərinə uyğun tikilməsidir. Layihə düzgün hesablandıqda və texniki qaydalara əməl olunduqda, hündürmərtəbəli binalar da seysmik baxımdan tam təhlükəsiz ola bilər. Tikinti normalarına ciddi şəkidlə riayət olunarsa, keyfiyyətli materiallardan istifadə edilərsə təhlükə riski də azalacaq. Bunun üçün vaxtında texniki nəzarət aparılmalıdır. Amma layihədə bu yoxdursa, əvvəldən nəzərdə tutulmayıbsa, özül məlum mərtəbə sayına uyğun tökülübsə, binanın konstruksiyasına kənar müdaxilə etmək və layihədən kənar dəyişikliklər aparmaq qətiyyən yolverilməzdir, təhlükəlidir. Yaşayış binasında sakinlər məskunlaşıbsa, yenidən üst mərtəbələr inşa etmək onlar üçün təhlükəsiz olmaya bilər. Binalarda hər hansı bir təmir və ya digər işlərin görülməsi zamanı normativ tələblərə ciddi əməl olunmalıdır.