İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Minlərlə insan, minlərlə ailə sevinəcək
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan hüquqlarının müdafiəsi, hüquqi bazanın formalaşması, qanunvericilik aktlarının təkmilləşməsi istiqamətində bir sıra mühüm addımlar atıldı. Amnistiya aktlarının qəbulu, Əfv sərəncamlarının imzalanması dövlət siyasətinin humanist prinsiplər əsasında bərqərar olduğunun təsdiqi idi. Azərbaycan suveren, demokratik, hüquqi dövlət olaraq insan azadlığını təməl hüquq kimi tanıyaraq vətəndaşlarına islah olunmaq imkanı yaradır. Ölkə başçısı tərəfindən imzalanan istər Əfv sərəncamları, istərsə də qəbul olunan Amnistiya aktlarının əsas qayəsi humanizm prinsiplərinin əsas götürülərək insanların azad yaşamaq hüququnun təminidir. Azərbaycanda əlamətdar tarixi günlərdə, milli bayramlar ərəfəsində çoxsaylı insanların cəzadan azad edilməsi ənənəsi mövcuddur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” olmasını əsas tutaraq, bu münasibətlə amnistiya elan olunması təşəbbüsü irəli sürüb. Aministiya Aktı təxminən 20 min nəfəri əhatə edəcək. Amnistiya Aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra indiyədək 13 Aministiya Aktı qəbul edilib. Bunların bir qismi Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilən Aministiya aktlarıdır. Ümumiyyətlə, Azərbaycanda əfv və amnistiya təsisatları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövründə formalaşıb. Heydər Əliyevin prezidentliyi dövründə (1995-2003-cü illər) 7 Amnistiya Aktı qəbul edilib. Milli Məclis tərəfindən 22 may 1996-cı il, 17 oktyabr 1997-ci il, 12 may 1998-ci il, 29 dekabr 1998-ci il, 10 dekabr 1999-cu il, 1 fevral 2001-ci il və 6 may 2003-cü il tarixlərində qəbul edilən Aministiya aktları ümumilikdə 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfər cəzasının çəkilməyən hissəsindən azad olunub. Ümummilli Liderin imzaladığı əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüs nəticəsində 2007-ci il mayın 8-də Milli Məclisdə Amnistiya Aktı qəbul edilib. Konstitusiya dəyərləri və hüquqi islahatlar kontekstində qəbul edilən amnistiya ümumilikdə 9000 nəfərə şamil olunub. Onlardan 1500 nəfər azadlığa buraxılıb, 7500 nəfərin isə cəza müddəti azaldılıb. Milli Məclis 2009-cu il martın 17-də Mehriban xanım Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib. Həmin akt 9 min məhbusa tətbiq olunub, 1700 məhbus azadlığa buraxılıb. Birinci xanımın daha bir təşəbbüsü ilə milli həmrəyliyin gücləndirilməsi məqsədilə 2013-cü il 7 may tarixində qəbul edilən qərarla 10040 məhkum barəsində amnistiya tətbiq edilib. Ölkənin birinci xanımının təşəbbüsü ilə 2016-cı ildə 28 May - Respublika Günü münasibətilə də amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10868 nəfərə şamil olunub. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onların azad edilməsi qərara alınıb. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elan edilən Amnistiya Aktı ən əhatəli aktlardan biri olub. Bu aktdan 15 minə yaxın şəxs faydalanıb. Təşəbbüs Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, əfv sərəncamları, Amnistiya aktları Azərbaycanda dövlət siyasətinin əsas meyarlarından biridir:
- Hüquqi, demokratik dövlətçilik prinsipləri üzərində idarə olunan Azəbaycan dövləti vətənaşdaşlarının hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir. İmzalanan Əfv sərəncamları, qəbul olunan Amnistiya aktları da buna sübutdur. Tarixə baxsaq, demək olar, hər il ya Əfv sərəncamı imzalanır, ya da Amnistiya Aktı qəbul olunur. Bu onu təsdiq edir ki, dövlətimiz vətəndaşlarına yüksək humanizm prinsipi ilə yanaşır. Minlərlə ailə sevinir, illərlə məhbəs həyatı yaşamış insanlar ailələrinə qovuşur və onların cəmiyyətin bərabərhüquqlu üzvü olmasına şərait yaradılır, islah olunacaqlarına inanılır.
Ə.Nuriyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Zəfər günü münasibətilə 2021-ci ildə elan edilən Amnistiya Aktı isə ən böyük amnistiya kimi tarixə düşüb:
- Həmin Amnistiya Aktı 17 min 267 şəxsə şamil olundu. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub. Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1785 şəxsə amnistiya tətbiq edilib. İnanırıq ki, növbəti Amnistiya Aktı da minlərlə insanın, minlərlə ailənin sevincinə səbəb olacaq.