Əgər həqiqətən də söküntü məhkəmə qərarı olmadan aparılırsa, bu, mülkiyyətçinin hüquqlarının pozulmasıdır
Bakıda “Vialon” MMC-nin Əlibəy Hüseynzadə 75 ünvanındakı qeyri-qanuni söküntü işləri davam edir. Sakinlərin Bakupost.az-a verdiyi məlumata görə, söküntü işlərinin miqyası böyüyüb. Sözügedən ünvanda aparılan söküntü işləri zamanı həyətdə olan qadının başına daş parçaları düşüb. Əraziyə təcili tibbi yardım çağırılıb. Halı pisləşən qadına ilkin tibbi yardım göstərilib. Yaranmış vəziyyətə baxmayaraq, söküntü işləri davam etdirilib. Məsələni dəqiqləşdirmək üçün sözügedən şirkətlə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb. Hadisə yerində çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.
Bu, vətəndaşlarla tikinti şirkətləri arasında yaşanan ilk narazılıq deyil, ümid edək ki, sonuncu olar, bəlkə. Amma belə görünür ki, söküntüyə başı qarışmış tikinti şirkətləri vətəndaşların hüquqlarını pozmaqda israrlıdırlar. Tikinti şirkətlərinin fırıldaqları, sökülən mənzillərin sahiblərinə aşağı qiymətlər təklif edib, baha qiymətə sənədləşdirmələri, yeni inşa edilən binalarda isə mənzilləri ikiqat, üçqat baha qiymətə, hətta bir mənzili 2-3 nəfərə satmaları haqqında indiyədək də məlumatlar yayılıb. Bəllidir ki, Bakının mərkəzi hissələrində 19-cu əsrin əvvəllərindən başlamış məskunlaşma sahəsi kiçik, darısqal evlərin ortaya çıxmasına səbəb olub. Sovet illərində tikilmiş “xruşşovka”ların da əksəriyyətinin sahəsi çox kiçikdir. Tikinti şirkətləri mənzillərin sahəsinin kiçik olduğunu əsas gətirərək mülkiyyətçiyə az miqdarda kompensasiya təklif edir. Lakin unudulur ki, vətəndaş tikinti şirkətindən evinin sökülməsini xahiş etməyib. Şirkət köhnə evləri söküb onların yerində çoxmərtəbəli binalar tikməklə qazanc əldə edir, az kompensasiya ödənmiş sakin isə illərlə yaşadığı ərazidən uzaq düşür, şəhər kənarına köçmək məcburiyyətində qalır, çünki ona ödənən məbləğ mərkəzdə mənzil almağa yetmir. Dövlət qurumları isə heç bir müdaxilə etmədən seyrçi mövqeyində qalırlar.
“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu məsələlər kifayət qədər həssas xarakter alıb:

- Vətəndaşlar və tikinti şirkətləri arasında münasibətlər gərginləşib. Məsələ ictimailəşdikcə sanki vəziyyət daha da kəskinləşir. Ona görə də hesab edirəm ki, proses ciddi şəkildə nəzarət altına alınmalıdır. Söküntü işləri vətəndaşlarla razılıq əldə edildikdən sonra, onlara ya kompensasiya ödəndikdən, ya da əvəzləşmə müqaviləsi bağlandıqdan sonra həyata keçirilsə, daha yaxşı olar. Tikinti şirkətləri ərazi üzrə sakinlərin 70-80 faizi ilə razılıq əldə edirlər, yerdə qalan 20-30 faizlə razılıq əldə edilmədən söküntüyə başlayırlar. Bu cür problemlər olmasın deyə, söküntü rəsmi qaydada qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Baxmayaraq ki, tikinti şirkəti sərəncam alıb, sənədləşmə işləri həyata keçirib, vətəndaşlarla tam razılıq əldə edildikdən sonra söküntü başlamalıdır. Mülkiyyət toxunulmazdır. Amma bunu da nəzərə almalıyıq ki, paytaxtda şəhərsalma tədbirləri Bakının Baş Planında və “2025-30-cu illər” Dövlət Proqramında nəzərdə tutulan infrastruktur layihələrinin icrası ilə bağlı bəzi istiqamətlərdə dövlət ehtiyacları üçün satınalınma zərurətləri ortaya çıxıb. Paytaxt inkişaf etdikcə, yeniləndikcə infrastruktur da yenilənməlidir. Şəhərdə istismar müddətini başa vurmuş, ötən əsrin ortaları və hətta əvvəllərində inşa olunmuş yaşayış evləri sökülüb dövriyyədən çıxarılmalıdır. Amma sökülərkən də, təbii ki, ölkə Konstitusiyası və qanunvericiliyin tələbləri nəzərə alınmalı, onlara əməl edilməlidir. Məsələ burasındadır ki, ərazilərin dövlət ehtiyacları üçün satın alınması zamanı bu cür narazılıqlar olmur. Narazılıqlar məhz özəl tikinti şirkətləri, “mtk”lar, “mmc”lərlə vətəndaşlar arasında yaşanır.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında bildirdi ki, əgər həqiqətən də söküntü məhkəmə qərarı olmadan aparılırsa, bu, mülkiyyətçinin hüquqlarının pozulmasıdır və qanuna ziddir. Azərbaycan qanunvericiliyinə, Mülki Məcəlləyə və digər normativ hüquqi aktlara görə şəxsin mülkiyyət hüququ dövlət tərəfindən qorunur və yalnız məhkəmə qərarı əsasında məhdudlaşdırıla bilər:
- İstər dövlət qurumu, istərsə də hər hansı tikinti şirkətinin şəxsin mülkiyyətinə müdaxilə etmək ixtiyarı yoxdur. Məhkəmə və ya icra qərarı yoxdursa. Bu cür problemli məsələlərdə hadisə baş verən ərazi üzrə icra hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları, Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlak Komitəsi müdaxilə etməli və təcili məsələyə müdaxilə etməli və tədbir görməlidirlər. Dövlətin vəzifəsi vətəndaşın mülkiyyət hüququnu qorumaqdır. İstənilən zorakılıq hüquqi məsuliyyət yaradır, formasından asılı olaraq inzibati və ya cinayət məsuliyyəti.
Ə.Nuriyev sakinlərin də hüquqlarını bilməli olduğunu dedi:
- Sakinlər baş verən hadisə ilə bağlı ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Fiziki zorakılıq yolverilməzdir. Sakinlər rəsmi qaydada prokurorluq orqanlarına, məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Bütün rəsmi orqanların “Qaynar xətt” xidməti var. Daim açıqdır. Fasiləsiz fəaliyyət göstərirlər. İddia ərizəsi ilə müraciət etsinlər məhkəməyə. Bütün addımlar hüquq çərçivəsində olmalıdır. Dövlət orqanları da məsələni araşdırmalı və vətəndaşların hüquqlarını müdafiə etməlidirlər.