Son araşdırmalara görə, evdə ən çox elektrik sərf edən cihaz soyuducu və ya paltaryuyan deyil, elektrikli su qızdırıcısıdır (termosifon).
Sherg.az xəbər verir ki, Fransanın Ekoloji Keçid Agentliyinin (ADEME) hesabatına əsasən, standart soyuducu ildə orta hesabla 500 kvt, paltaryuyan maşın isə təxminən 300 kvt elektrik sərf edir. Halbuki 200 litrlik adi elektrikli su qızdırıcısı illik 3200 kvt-a qədər enerji istehlak edə bilir. Bu isə digər məişət texnikalarından təxminən 6 dəfə çoxdur.
Mütəxəssislər bildirirlər ki, əsas problem yalnız suyun qızdırılması deyil. Cihaz istifadə olunmadığı vaxtlarda belə suyun temperaturunu sabit saxlamaq üçün tez-tez işə düşür və bu da əlavə enerji itkisinə səbəb olur. Köhnə və izolyasiyası zəif olan termosifonlarda bu itki daha yüksəkdir.