Hazırkı şəraitdə müəllimlərin psixoloqa, dinlənilməyə ehtiyacları var -AÇIQLAMA

Məktəblərdə təkcə şagirdlər deyil, müəllimlər də psixoloq xidmətindən mütəmadi yararlanmalıdır

“Qətlə yetirilən müəllimə ilə bağlı çoxlu suallarım yaranıb. Hazırda məktəblərdə uşaqlarla bağlı çoxlu maarifləndirici tədbirlər keçirilir. Bəs müəllimlər? Müəllimlərə psixoloq xidməti lazım deyil”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi.

M.Zeynalova bu fikirdədir ki, məktəblərdə təkcə şagirdlərlə deyil, pedaqoji kollektivlə də maaarifləndirmə işi aparılmalı, həm şagirdlərə, həm də müəllimlərə psixoloq xidməti göstərilməlidir:

 

- Biz müəllimləri başqa planetdən gəlmiş, ətarfdakı sterotip və davranışalrdan uzaq görürük. Onların ailə münasibətlərinin təhsilin keyfiyyətinə təsirini ölçmək kimi meyarlar ağlımıza, yəqin ki gəlmir. Məktəblərdə uşaqlar üçün psixoloqun olmasını daimi fəxarətlə qeyd edirlər. Bəs müəllimlər üçün psixoloq xidməti lazım deyil? Məktəbərdə təkcə şagirdlər deyil, müəllimlər də psixoloq xidmətindən mütəmadi yararlanmalıdır. Müəllimin yaşayışı, ailə vəziyyəti, qarşılaşdığı çətinlilər barədə kollektiv, rəhbərlik məlumatlı olmalıdır. Müəllim də insandır, onun da məişət problemləri, ailə üzvləri ilə aralarında anlaşılmazlıq ola bilər. Hesab edirəm ki, təhsili - müəllimləri gözdən salmaqdan, tənqid etməkdən xilas olub onlara sosial-psixoloji dəstək proqramları barədə düşünülməlidir. Hövsanda baş verən dəhşətli hadisə bir daha sübut edir ki, müəllim çox zaman "mükəmməllik simvolu" kimi təqdim edilsə də, o, hər şeydən əvvəl insandır və cəmiyyətin bütün ağrılı nöqtələrinə qarşı müdafiəsizdir. Hazırkı şəraitdə müəllimlərin psixoloqa, dinlənilməyə ehtiyacları var. Müəllim bilməlidir ki, məişət problemləri, ailədaxili münasibətlərdə ona yardım edəcək insanlar var, pedaqoji kollektiv ona arxadır, dayaqdır. Belə olarsa, müəllim özünü güvənli hiss edəcək, hər hansı problem yarandıqda isə bunu gizlətməyəcək, ətrafındakılara bildirəcək, beləliklə də itkilərin, faciəli hadisələrin qarşısı alınmış olacaq. 

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtın Hövsan qəsəbəsində gənc qadının bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırıldığı xəbəri yayıldı. Məlum oldu ki, 35 yaşlı Pərvanə Abbasova Hövsan qəsəbəsindəki 118 saylı orta məktəbin müəllimidir və 2 övlad anasıdır. Həkimlərin səyinə baxmayaraq təəssüf ki onun həyatını xilas etmək mümkün olmayıb. Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.