Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqların rəqəmsal həyatı risk altındadır, valideyn və müəllimlər diqqətli olmalıdırlar
Təhsil eksperti: “Psixoloji manipulyasiyaya əsaslanan oyunlar intihara sövq edə bilər”
Uşaqların mənəvi və fiziki inkişafı üçün əsas risk mənbələrindən biri nəzarətsiz rəqəmsal məkan və sosial şəbəkələrdə sürətlə yayılan təhlükəli oyunlardır. Bu gün internetin əlçatanlığının artması, smartfonların erkən yaşlardan gündəlik həyatın bir hissəsinə çevrilməsi və sosial platformalarda nəzarətin zəifləməsi nəticəsində azyaşlılar müxtəlif manipulyativ məzmunlara, zərərli trendlərə və psixoloji təsir formalarına daha asanlıqla məruz qalırlar. Virtual mühitdə yayılan belə oyunlar təkcə uşaqların emosional sabitliyinə zərbə vurmur, həm də onların davranış modellərinə, özünəqapanmaya, aqressiyaya və real həyatda təhlükəli addımlar atmasına səbəb ola biləcək riskləri artırır. Bu səbəbdən rəqəmsal təhlükəsizlik məsələləri valideynlər, müəllimlər və cəmiyyət üçün əvvəlkindən daha aktual problemə çevrilib.
Son illər “Mavi Balina” (Blue Whale) kimi psixoloji manipulyasiyaya əsaslanan zərərli oyunlar yeniyetmələrin psixikasına ciddi təsir göstərərək özünəqəsd hallarına qədər aparan dramatik nəticələr doğurur.
Qeyd edək ki, “Mavi Balina” oyunu uşaqları ciddi təhlükəyə salır. 2013-cü ildə Rusiyada yaranmış “Mavi Balina” oyunu iddialara görə, oyun 50 təlimatdan ibarətdir və son təlimatda oyunçudan intihar etməsi istənilir. Oyunun xarakteri gəncləri cəlb edərək onlara yüngül işlər tapşırıb, sonda intihara sövq olunmasıdır. Oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykinin yazdığı məlumdur. Oyun səbəbindən "ən azı 16 uşağı intihara təşviq etmək" günahından həbs olunan Budeykin, "cəmiyyəti bioloji zibillərdən təmizləmək" məqsədilə bu oyunu yaratdığını bildirib. O, intihara meyilli şəxslərdən ibarət 8 müxtəlif qrup yaratmaqda ittiham edilib və həbs olunub.
Psixoloqlar bildirirlər ki, uşaqların hələ formalaşmaqda olan emosional dünyası qorxu, vahimə, aqressiya yaradan videolar və simvollardan asanlıqla təsirlənir, belə məzmunlar isə onların davranışında qəfil dəyişikliklər, depressiya, özünəqapanma və təhlükəli davranış modelləri formalaşdırır.
Valideyn nəzarətinin zəiflədiyi, onlayn fəaliyyətin izlənmədiyi mühit uşağı psixoloji təzyiqə və manipulyasiyaya daha açıq edir. Buna görə də mütəxəssislər xəbərdarlıq edirlər: təhlükəli oyunlar uşaq psixikasına yalnız mənəvi zərbə vurmaqla kifayətlənmir, onların real həyatda fiziki təhlükə ilə üzləşməsinə də səbəb ola bilər. Bu cür faciələrin təkrarlanmaması üçün valideynlərin ayıqlığı, vaxtında müşahidə və peşəkar dəstək həyati əhəmiyyət daşıyır.
“Övladlarınızı qoruyun, telefonlarını daim yoxlayın, onlara nəzarət edin, çəkdikləri şəkillərə fikir verin, nəsə qəribəlik hiss edəndə psixoloqa müraciət edin, bizim başımıza gəldi, sizin başınıza gəlməsin”.
Bu sözlər 13 yaşlı qızı “Mavi Balina” oyununun qurbanı olan ananın fəryadıdır. Xatırladaq ki, Binəqədi rayonunda 2012-ci il təvəllüdlü Kəmalə Məmmədzadənin meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Atasının sözlərinə görə, yeniyetmə gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış: “Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Dəhşətdir. Cin, şeytan, qəbiristanlıq kimi görüntülərə baxırmış. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Əsasən, telefonundadır”.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında son günlər məktəblilər arasında yenidən aktual hala gələn “Mavi Balina” adlı təhlükəli internet oyunu ilə bağlı narahatlığını ifadə edib. Ekspert bildirib ki, yaxın günlərdə baş verən yeniyetmə intiharı da bu oyunun təsiri ilə əlaqələndirilir və məsələ artıq cəmiyyət üçün ciddi təhlükə siqnalına çevrilib:
"Bu cür zərərli oyunlar sadəcə virtual fəaliyyət kimi görünməməlidir, çünki onların psixoloji təsirləri real həyatda fəsadlar doğurur. "Mavi Balina" sadəcə oyun deyil, uşaqların emosional boşluqlarını hədəf alan təhlükəli bir mexanizmdir. Buna görə ailə, məktəb və cəmiyyət olaraq daha həssas və məsuliyyətli davranmalıyıq. Həm valideynlərin, həm də təhsil işçilərinin bu kimi hallara qarşı diqqətli olması vacibdir. Uşaqlarda davranış dəyişikliyi, qapanma, aqressiya, gizli internet istifadəsi kimi siqnallar risk göstəricisi ola bilər".
Ə.Həsənli bütün valideynləri, müəllimləri və ictimaiyyəti diqqətli olmağa çağırıb, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildirib.
“Uşaqların internetdən istifadə vərdişləri təhsil maraqlarının azalması ilə nəticələnsə də, əsas təhlükə psixoloji manipulyasiyaya əsaslanan zərərli oyunlar və məzmunla bağlıdır. “Mavi Balina” kimi “oyunlar” əslində, texniki oyun yox, kiber-şantaj və sosial mühəndislik alətlərindən istifadə edərək həssas uşaqları intihara və ya özünə xəsarətə sövq edən kriminal proseslərdir”. Bunu isə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov deyib. Onun sözlərinə görə, təhlükəli oyunlara həmçinin uşaqları fiziki riski təkrarlamağa təşviq edən sosial mediada yayılan “challenge”lər və ya “loot box”lar vasitəsilə qumar vərdişləri formalaşdıran qeyri-etik oyun elementləri də daxildir: “Uşaqları bu təhlükələrdən qorumağın əsası texniki filtrləməklə yanaşı, etibarlı ünsiyyət qurmaqdan keçir. Valideyn uşaqla mühakimə etmədən onun internetdə gördükləri haqqında danışmalı, uşaqlara bədənə zərər vurmağı, məxfi məlumatları paylaşmağı və ya yad insanlarla görüşməyi tələb edən hər bir hərəkətin təhlükəli olduğu izah edilməli, yəni onlarda tənqidi düşüncə inkişaf etdirilməlidir”. Ekspert qeyd edib ki, valideyn nəzarəti yalnız ünsiyyətlə məhdudlaşmır: “Proaktiv texniki və davranış nəzarəti mütləqdir. Valideyn ilk növbədə bütün cihazlarda yaş məhdudiyyətlərini və təhlükəli məzmunu filtrləyən proqramları aktivləşdirməlidir. Əsas nəzarət edilməli məqamlar uşağın ekran vaxtının idarə edilməsi, yeni quraşdırılan və yüksək icazələr (kamera, mikrofon) tələb edən naməlum tətbiqlərin izlənməsidir. Ən vacibi isə valideyn uşağın davranışında yaranan psixoloji dəyişikliklərə (aqressivlik, təcrid olunma, yuxu pozğunluğu, bədəndə kəsik izləri) qarşı diqqətli olmalı və bu cür dəyişikliklərin səbəblərini dərhal araşdırmalıdır. Bu yanaşma uşaqların rəqəmsal mühitdə təhlükəsiz və sağlam şəkildə böyüməsini təmin edən yeganə effektiv strategiyadır. Valideynlər uşaqlarının rəqəmsal sağlamlığını da kontrol edə bilərlər. Bunun üçün valideyn nəzarəti proqramları mövcuddur və pulsuzdur”