Sistem yarımçıqdır: Yağış suları şəhəri basır, infrastruktur cavab vermir 

Paytaxtın kanalizasiya sistemi köhnədir, vəziyyət sürətlə düzəlməlidir

“Su aydınlıqdır” ifadəsi paytaxtımıza heç uyğun deyil. Xüsusən də yağışlı havalarda. Yağmurlu hava şəraiti hər dəfə paytaxtımızın dizini yerə qoyur, kürəyini də yerə vurur. Şəhər infrastrukturuna cavabdeh şəxslərsə nə sirdirsə, məğlubiyyətdən qalib çıxırlar. Buna sudan quru çıxmaq da deyilir. Əhali isə dünən də suya batdı yollarda, küçələrdə. Avtomobillər də həmçinin. “28 May” ətrafında, Xətai prospektində və daha bir sıra yollarda yağış sularının toplanması, hərəkətin iflic olmasını göstərən görüntülər soslal şəbəkələrdə yayılmaqdadır. 

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayaraq hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirildiyini bildirib. Məlumatda qeyd olunur ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi də yağışlı və çiskinli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: “Hazırda respublika ərazisində müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır. Hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki sazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağı xatırladır. Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətli olmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əksetdirici elementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onların yolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir”. Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda təhlükəsizliyi seçməyə çağırır.

Niyə paytaxtımızda yağıntılı havalarda eyni bərbad hal hər dəfə təkrarlanır? 

Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, problem yağış sularının qəbulu üçün sistemin yarımçıq olmasıdır:  

- Problem ondadır ki, paytaxtın 1652 kilomertlik küçə-yol şəbəkəsinin cəmi 22 faizində yağış sularını qəbul edilməsi üçün kollektor şəbəkəsi var. Bu şəbəkəyə məişət suları, kanalizasiyalar da qoşulur. Bu məsələnin sistemli həlli tələb olunur. Dövlət proqramı var. Dövlət Proqramına uyğun olaraq 2025-30-cu illər ərzində bir sıra istiqamətlərdə magistral yağış sularını idarə edən sistemlərin qurulması, yağış suları üçün kollektorların tikilməsi layihələri icra olunmalıdır. Bəzi layihələrin icrasına artıq başlanılıb. Hesab edirəm ki, yaxın 5 ildə vəziyyət müsbətə doğru dəyişəcək. Şəhər böyüyüb, amma şəhərin altındakı infrastruktur, kanalizasiya sistemi köhnədir, tələbata cavab verə bilmir. Bu məsələ də zamanla həllini tapacaq. Əsas odur ki, qərar verilib. Bu layihələr sürətlə icra olunub təhvil verilməlidir ki, indiki vəziyyət dəyişsin.