Sosioloq: Taksi sürücülərinin narkotik aludəçisi olması dəhşətdir

Bu, artıq şəxsi yox, cəmiyyət üçün sistemli təhlükədir

İlqar Hüseynli: “Bütün taksi sürücüləri 6 aydan bir məcburi narkotestdən keçməlidir”

 

Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Bu hadisə bir daha göstərir ki, narkotik təsiri altında avtomobil idarə etmək təkcə yol hərəkəti qaydalarının pozulması deyil, həm də digər insanların həyatını birbaşa riskə atan ciddi təhlükəsizlik problemidir.

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrinin idarə olunması son illər yol təhlükəsizliyi sahəsində ən təhlükəli tendensiyalardan biri kimi diqqət çəkir:

“Narkotikin təsiri altında avtomobili idarə etmək yol təhlükəsizliyi baxımından ən ağır risklərdən biridir. Narkotikin təsiri altında avtomobili idarə etmək o qədər təhlükəlidir ki, bu vəziyyətin faizi və dərəcəsi yoxdur. Burada kimisə bağışlamaq, əfvetmə və ya günahından keçmək bir neçə insanın taleyi ilə oynamaq deməkdir. Narkotik təsiri altında sükan arxasına keçmək spirtli içkinin təsirindən də qat-qat pisdir. Çünki belə şəxslərin psixoloji durumu, tibbi vəziyyəti və sağlamlıq imkanları nəqliyyat vasitəsini təhlükəsiz idarə etməyə imkan vermir və ya bu imkanlar çox ciddi məhdudlaşır. Ona görə də bu hallara görə qanunların sərt olmasının tərəfdarıyam”.

Ekspert hesab edir ki, problemin həlli yalnız inzibati cəzalarla məhdudlaşmamalıdır. Onun sözlərinə görə, ölkəyə narkotik vasitələrin daxil olmasının qarşısını almaq, həmçinin cəmiyyəti bu bəladan qorumaq üçün sistemli tədbirlər planı hazırlanmalıdır:

“Ölkəyə gətirilən narkotiklərin qarşısını almaq və cəmiyyəti bu bəladan xilas etmək üçün genişmiqyaslı tədbirlər planı olmalıdır. Bu, yalnız polisin və ya müəyyən qurumların işi deyil. Biz cəmiyyət olaraq buna hazır olmalı və proseslərin önündə getməliyik ki, ölkəmiz bu çirkabdan təmizlənsin".

Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli də Sherg.az-a açıqlamasında bildirib ki, narkotik maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücülər insanların həyatı üçün ciddi təhlükə yaradır. Onun sözlərinə görə, bu sürücülərdə qarabasmalar, halüsinasiyalar və affektiv vəziyyətlər müşahidə edilir ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə artırır: 

“Təhlükəli manevrlər və ani qərarlar, həm sərnişinlərin, həm də yol hərəkətində iştirak edən digər şəxslərin həyatını risk altına qoyur. Ən ciddi problem odur ki, narkotik vasitələrdən istifadə edən şəxslərin böyük bir hissəsi taksi xidməti kimi fəaliyyət göstərir. İşsiz və aludəçilər gündəlik maddi tələbatlarını ödəmək üçün taksi fəaliyyəti ilə məşğul olurlar, bu da vəziyyəti daha da riskli edir. Belə hallarda sürücünün məsuliyyətsizliyi yalnız şəxsi təhlükə deyil, cəmiyyət üçün sistemli problemə çevrilir. Mövcud nəzarət mexanizmləri kifayət qədər genişlənməli və təkmilləşdirilməlidir. BDYPİ-nin apardığı operativ tədbirləri təqdirəlayiq hesab edirəm. Bu tədbirlər göstərir ki, nəzarət mexanizmləri gücləndirilib, narkotik istifadəsi ilə bağlı yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün sistemli addımlar atılır. Lakin polis bütün hərəkətdə olan sürücüləri dayandırıb yoxlaya bilməz, buna görə də əlavə profilaktik tədbirlərə ehtiyac var”.

Belə tədbirlərdən biri olaraq, İ.Hüseynli bütün taksi sürücülərinin mütləq narkotik testlərdən keçməsini və bu prosesin hər 6 ayda bir təkrarlanmasını tövsiyə edib:

“Bu cür mexanizm sürücülərin məsuliyyətini artırmaqla yanaşı, yol hərəkətində təhlükəsizliyin yüksəlməsinə də xidmət edəcək. Eyni zamanda bu tədbir yalnız testdən keçməklə kifayətlənməməli, sürücülərin təhsili, profilaktik maarifləndirmə və sosial dəstək proqramları ilə də müşayiət olunmalıdır ki, aludəçiliyin köklü səbəblərinə müdaxilə etmək mümkün olsun. Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər cəmiyyət üçün ciddi təhlükədir və bu məsələ yalnız nəzarət mexanizmləri ilə deyil, geniş sosial və maarifləndirmə tədbirləri ilə həll edilməlidir”.