Turistlər Bakıda nəyi bəyənmir? - AKTUAL

Məmnuniyyət üçün piyada keçidləri və səs-küyə diqqət vacibdir

 Ölkəmizə gələn turistlərin sayında azalmalara təkcə quru sərhədlərin qapalı, hotel və xidmətlərin yüksək qiymətə olması deyilmiş. Həm də paytaxtın yol-keçid infrastrukturunun qeyri-qənaətbəxşliyi, şəhər təsərrüfatında gözəçarpan nöqsanlar da ölkəmizə və paytaxtımıza bir dəfə gələn adamı təkrar səfərə sövq etmir. Elə bilirik turistlər bizim Qız Qalasına, İçərişəhərə heyran olurlar, aşdan-bozbaşdan yeyib iştahları açılır və tarix-mədəniyyətimizə valeh olurlar. Valeh olurlar olmağına. Amma narazı qaldıqları məqamlar da var ki, buna görə ölkəmiz və şəhərimiz haqqında əcnəbilərdə mənfi təəssürat da formalaşır. Bu haqda nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. Mütəxəssis Bakıya səfər edən turistlərin diqqətini ən çox çəkən və narazılıq doğuran əsas məqamları qeyd edib. İctimai nəqliyyatda bank kartı ilə ödənişin olmaması nağdsız ödənişə öyrəşmiş turistlər üçün əlavə çətinlik yaradır və narazılığa səbəb olur. Səki infrastrukturunun qeyri-kafi olması, piyada hərəkətinin bir çox ərazidə ya məhdud, ya da təhlükəsiz olmaması, səs kirliliyinin yüksək səviyyədə olması, xüsusən mərkəzdən kənar zonalarda istirahət rahatlığının azalmasına səbəb olur. Paytaxtda binaların pəncərələrinin və fasadların tozlu olması şəhərin vizual təəssüratına mənfi təsir göstərir. İçərişəhər istisna olmaqla digər ərazilərdə şəhər mühitinin rahat olmaması piyada yönümlü, yaşana bilən məkanların çatışmazlığını hiss etdirir. Eyni səviyyəli piyada keçidlərinin azlığı şəhərdə piyada üstünlüyünü zəiflədir və təhlükəsizlik risklərini artırır. 

R.Ağamirzəyev hesab edir ki, bu çatışmazlıqlar Bakıda turizm təcrübəsinin yaxşılaşdırılması üçün təkcə tarixi və mədəni irs deyil, şəhər mühiti, piyada infrastrukturu və gündəlik rahatlığın da prioritet olmasının vacibliyini göstərir. Xüsusilə nağdsız ödəniş, piyada yönümlü planlama və səs-küyün azaldılması istiqamətində atılacaq addımlar turist məmnuniyyətinə birbaşa təsir edə bilər.