Valideynlər son dərəcə diqqətli olmalıdırlar

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Enerji içkiləri nevroz, ürək problemləri və yuxusuzluq yaradır

 Sağlam gələcək körpələrin, uşaqların, yeniyetmə və gənclərin sağlamlığına bağlıdır deyirik, amma gələcəyimiz üçün bir çox təhdidlərlə üzləşirik. Onlardan biri də bol-bol reklam olunan enerji içkiləridir. Mütəxəssislər, xüsusən, azyaşlıların, yeniyetmələrin bu içkilərdən uzaq durmasının vacibliyini vurğulayır. Lakin daim müşahidə etdiyimiz mənzərə fərqlidir. Cəlbedici adlar qoyulan enerji içkiləri uşaqların, məktəblilərin əlində adi hala çevrilib. Bu günlərdə isə enerji içkiləri ilə bağlı daha bir təhlükəli halın aşkarlandığı məlum olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində “Orxan 011” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsal etdiyi “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, ümumi sayı 4 min 656 ədəd olan məhsul partiyalarının (19 mart 2025-ci il-19 mart. 2027-ci il və 1 aprel 2025-ci il-1 aprel 2027-ci il istehsal və son istifadə tarixli) ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul olunub. “Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na daxil edilib. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, dərman vasitələri qida məhsulları anlayışına aid edilmədiyindən, qida məhsulunun tərkibində istifadəsinə yol verilmir. Dərman vasitələri yalnız həkim nəzarəti altında qəbul edilməlidir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edilir ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu başağrıları, qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı kimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarkt keçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçün xüsusilə təhlükəli hesab edilir. Bundan əlavə, tərkibində sildenafil olan içkilər (həmçinin müxtəlif dərman preparatları) bədənin aşağı çıxıntılarında tromboz yarada, taxikardiya, insult təhlükəsi yarada bilir.   

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bundan əvvəl də keyfiyyətsiz, qida standartlarına cavab verməyən enerji içkilərinin ziyanı barədə xəbərdarlıq edib və bəzi enerji içkilərinin satışdan çıxarılmasına nail olub. Bununla yanaşı AQTA maarifləndirici tədbirlər də keçirir. “AQTA maarifləndirir” rubrikası çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, gündəlik istifadədə olan qidalarla bağlı məsləhətlər verilir. AQTA tərəfindən enerji içkiləri barədə də maarifləndirici material hazırlanıb. Bildirilir ki, enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilir. Enerji içkilərinin istehsalında istifadə olunan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Kofein qida sənayesində çox istifadə olunan psixoaktiv maddədir və reseptsiz olaraq satılır. Kofein, fiziki olaraq ürək ağrıları riskini artırır, skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. İnsan orqanizmi kofeinin müəyyən ölçüdə qəbul edilməsinə tolerantdır, ancaq böyük həcmdə enerji içkisi kimi qəbul edilməsi daha ciddi fəsadlara, qıcolmalara, maniya, insult və qəfil ölümə səbəb ola bilər. Sağlam, yetkin insanların gün ərzində 400 mq kofeindən istifadə etməyi təhlükəsiz sayılır. Kəskin klinik toksik təsir 1 qr-dan başlayır, 5-10 qr arasında isə istifadə ölüm hallarına gətirib çıxara bilər. Ancaq Avstraliyada tərkibində 320 mq-dan çox kofein miqdarı olan 5 enerji içkisi qadağan olunub. ABŞ-də enerji içkilərinin tərkibindəki kofein miqdarının 200 mq-dan az olması daha təhlükəsiz sayılır. Gün ərzində enerji içkisinin normadan artıq qəbulu orqanizmdə kofein miqdarını artırması səbəbindən təhlükəli ola bilər. Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:

- Məhsulu alarkən onun tərkibi ilə tanış olun.

- Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır.

- Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.

Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Lakin artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Enerji içkilərinin tərkibində əlavə edilən kofeinin miqdarı, insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır. Bu içkiləri qəbul etmək insanlarda, xüsusilə da kiçik yaş qruplarında olan uşaqlarda yuxusuzluq, piylənməyə, böyrək xəstəlikləri, sinir sisteminin pozğunluqları və s. səbəb ola bilər. “Ümumdünya Səhiyyə Təşkilatı”nın Avropa Şöbəsinin 2014-cü ildə açıqladığı hesabata əsasən, enerji içkiləri gənclərin sağlamlığında müəyyən problemlər yarada bilər. Bu qida məhsulları daha çox fiziki və zehni gücü artıran məhsullar olaraq ictimaiyyətə təqdim edilsə də, insanların sağlamlığı üçün zərərli tərəfləri mövcuddur. “Ümumdünya Səhiyyə Təşkilatı”nın hazırladığı hesabatda enerji içkiləri üçün kofein məhlulunun maksimum həddinin müəyyənləşməsini, marketinq fəaliyyətlərində standartların tətbiq olunmasını, enerji içkilərinin uşaqlara satılmasının qarşısının alınmasını məsləhət görür. Almaniya enerji içkilərinin yaratdığı mümkün fəsadları 2002-ci ildən izləyir. Hesabatın nəticələrinə görə, qaraciyərin zədələnməsi, böyrək çatışmazlığı, tənəffüs pozğunluğu, psixi gərginlik, ruhi sarsıntı, taxikardiya, ürək disritmiyası, yüksək təzyiq, ürək çatışmazlığı və ölüm daxildir. İrlandiyanın Toksikologiya Mərkəzinin verdiyi məlumata görə, 1999-2005-ci illər ərzində enerji içkilərinin istifadəsinin taxikardiya, qıcolma və iki ölüm faktı ilə nəticələnib. Yeni Zelandiya Toksikologiya Mərkəzi bu içkilərin törətdiyi fəsadlarla bağlı 2005-2009-cu illər ərzində 20 xoşagəlməz fakt qeydə alıb. ABŞ Səhiyyə Nazirliyi nəzdində Qida və Dərman Təşkilatının hesabatına görə, 2004-2012-ci illərdə ABŞ-də 18 nəfər enerji içkiləri səbəbindən dünyasını dəyişib, 150 nəfər isə ölüm təhlükəsi ilə üzləşib. Artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən tədbirlər də görülüb. Belə ki, İsveçdə uşaqlara bəzi enerji içkilərinin satışı qadağan olunub, Macarıstanda isə satışına əlavə vergilər tətbiq olunub. Norveçdə apteklərdə satışına icazə verilir, Danimarka və Uruqvayda bütün enerji içki növlərinin satışı qadağandır. Avropa Birliyi ölkələrində enerji içkilərinin qutularında “kofein miqdarı” yazısı olmalıdır. Türkiyədə isə içkilərin 18 yaşından kiçik insanlara satılmasına, eyni zamanda idman mərkəzləri, məktəblər və xəstəxanalarda satışının təşkilinə və reklam edilməsinə icazə verilmir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 18 yaşına çatmamış yeniyetmələri, hamilə qadınları, süd verən anaları, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanları enerji içkilərindən istifadə etməməyə çağırır.

Enerji içkilərinin qablaşdırmalarının üzərində də “18 yaşına çatmamış şəxslərə satışı qadağandır” yazılır. Amma nə fayda? Böyüklərin özlərinə məzar qazdıqları bir yana, enerji içkilərini alıb uşaqlara da verirlər. Bəhanə də bu olur ki, “neyləyim, uşaq istəyir”.   

Pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında enerji içkilərinin uşaqlara ziyanlı olduğunu dəfələrlə bildirdiyini söylədi:

- Türkiyədən idxal olunan energetik içkinin tərkibində Sidenafil aşkar olunub. Olmur, nə qədər deyirik energetik içkiləri uşaqlara verməyin, nəticə yoxdur. Marketlərdə kiçikyaşlı uşaqların əlindəki energetik içkiləri hamı görür, bəzən valideynlər də çıxılmaz vəziyyətə düşür, almaqdan imtina edirlər, uşaq isə israr edir. İmtina edənlər var, amma həmişə yox. Uşağının istəyini yerinə yetirənlər kifayət qədərdir. Bu sətirləri yazarkən tv-lərdə yəqin "uçurdur", "qanadlandırır" kimi reklamlar gedir. Bu, cəlb edir hamını, uşağı da, böyüyü də. Ortada külli miqdarda pul varsa, mütəxəssis sözü keçərli olmayacaq. Enerji içkilərinin tərkibində kofein maddəsi çoxluq təşkil etdiyindən insan orqanizmi üçün ziyanlıdır. Kiçik yaşlı uşaqlara isə xüsusən ziyanlıdır. İlk növbədə asılılıq yaradır, ona görə. Baş ağrısı, mədə-bağırsaq pozuntusu yarada bilər. Enerji içkiləri keyfiyyətsiz hazırlanır. Tərkibinə əslində lazım olan elementlər əlavə edilmir. Daha çox kofeinə üstünlük verilir. Bu da ziyandır. Enerji içkilərinin qəbulu kofein zəhərlənməsinə səbəb ola bilər, uşaqlarda ciddi nevroloji problemlər, stress, yuxusuzluq, mədə bulanması, qusma, ürək döyüntüsünün artması, aritmiya əmələ gələ bilər. Valideynlərə tövsiyə edirik, hətta israrla bildiririk ki, uşaqlarınıza verməyin bu içkilərdən. Ümumiyyətlə, süni dadlandırılmış, tərkibində rəngləndirici, müxtəlif kimyəvi qatqılar, şəkər, şəkər nişastası olan içkiləri, qidaları, ”abur-çubur” verməyin. Uşaqlar kiçik yaşdan vərdiş edir bu qidalara, sonra ayrılmaq çətinləşir. Övladlarınızın sağlamlığını düşünürsünüzsə, təbii qidalara bacardıqca üstünlük verin.