Vətən sevgisi məktəblərdə başlayır

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;  
44 günlük Vətən müharibəsinin qəhrəmanları gənclərlə görüşür
Şuşada “İgidlərin izi ilə” turniri gənclərimizə qəhrəmanlıq tarixini yaşadır
Vətənpərvərlik tərbiyəsi Vətəni sevməkdən qaynaqlanır. Vətənin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, tarixi qəhrəmanlarına, sərkərdələrinə dərindən bələd  olmaq lazımdır. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işindən, peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikasında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq “Zəfərin şahidləri” layihəsi çərçivəsində ardıcıl tədbirlər keçirilir. Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, layihənin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu, dövlətə və ordumuza sevgini daha da gücləndirmək, qəhrəman hərbçilərimizin döyüş yolunu öyrətmək və tərənnüm etməkdir. Layihə çərçivəsində Gənclər və İdman, Təhsil nazirlikləri və "Naxçıvan Qaziləri" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 1 və 2 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri ilə müharibə iştirakçıları arasında görüş təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad ediblər. Təşkilatçı qurumların əməkdaşları çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə danışıb, Azərbaycan Ordusunun tarixi Qələbəsinin gənclərin vətənpərvərlik tərbiyəsinə mühüm töhfə olduğunu vurğulayıblar. Vətən müharibəsi iştirakçıları - Pərvin Muradov, Vidadi Məmmədov, İmran Səfizadə və Seymur Məmmədov öz döyüş xatirələrini bölüşüb, Ordumuzun yüksək döyüş hazırlığı, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar, möhtəşəm tarixi zəfərin əhəmiyyəti barədə fikirlər səsləndiriblər. Hərbçilər, həmçinin şəhidlərimizin şücaətindən, Vətən uğrundakı fədakarlıqlarından danışıb, onların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Müharibə iştirakçıları şagirdləri maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb, onlara tövsiyələr veriblər. Layihə qrafikə uyğun olaraq şəhərin digər ümumtəhsil məktəblərini də əhatə edir. Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar məktəblərimizdə tərbiyə alır və formalaşır. Danılmaz faktdır ki, məktəblərimizdə təbliğ edilən vətənpərvərlik ideyaları gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hissləri aşılayır. Məktəbdə müəllimin vəzifəsi təkcə bilik verməklə məhdudlaşmır, bu, eləcə də vətənə layiqli şəxsiyyət yetişdirməkdir. Gənc nəslin vətənpərvər ruhda tərbiyəsi təhsildə prioritet tələbdir və bu şəkildə də müəyyənləşdirilməlidir. Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi çox əhəmiyyətli və xüsusi yer tutur. 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində xüsusi bir hadisədir. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu itirdiyimiz torpaqları özümüzə qaytardı. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə deyil, eyni zamanda, şəxsi şücaətləri ilə yadda qaldı. Qəlbi vətən eşqi ilə yanan mərd oğullarımız şanlı tariximizə öz qanları ilə yeni qələbə yazdılar.
Gənclərimizdə vənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərdəndir. Şübhəsiz ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir.
Şuşa şəhərində Zəfərimizin 5 illiyinə həsr olunmuş “İgidlərin izi ilə” adlı qayayadırmanma turniri keçirilib. Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, iki gün davam edən tədbirin ilk günündə iştirakçılar Muxtar kəndindən Cıdır düzünə qədər piyada yürüş edərək igidlərimizin keçdiyi yollarla tanış olublar. İkinci gün isə Cıdır düzündə keçirilən qayayadırmanma yarışı gərgin və maraqlı idman mübarizəsinə çevrilib. Peşəkar və həvəskar komandalar yarışda güclərini sınayıb. Sonda qalib komandalar diplomlarla təltif olunub. Turnir təkcə idman yarışı deyil, həm də şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi, Zəfər tariximizin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, idman yarışı Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilib.
Bununla yanaşı, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Çıxışlarda milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gənc nəslin sağlam ruhda tərbiyə olunması məsələlərinə diqqət çəkilib. Şəhid valideyni Hamlet Əliyev çıxışında ailə dəyərlərinin Vətənə sədaqət, milli ruhun qorunması və gənclərin vətənpərvərlik ruhunda böyüməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Sherg.az-a açıqlamasında bildirib ki, Ulu Öndərin və cənab Prezidentin dövründə Azərbaycan gəncliyi vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə sadiq olaraq yetişdirilib. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi də məhz vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı olan gənclər olub:
 "Cəmiyyətdə əvvəlki nəsillərlə müqayisədə bugünkü gənclik milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna daha çox sahib çıxır kimi fikir formalaşıb. Bu gün Azərbaycanın gənc nəsli milli-mənəvi kimliyinə sadiqdir və bu dəyərləri yaşatmaqda əzmli davranır. Əgər bir xalqın gələcəyi onun gəncləri ilə ölçülürsə, bu gün Azərbaycanın gələcəyi üçün ümidli olmaq üçün kifayət qədər əsaslarımız var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin nümayiş etdirdiyi fədakarlıq, qəhrəmanlıq və milli birlik ruhu bunun ən bariz sübutudur. Minlərlə gəncin könüllü şəkildə cəbhəyə yollanması, torpaqlarımız uğrunda canından keçməsi təkcə vətən sevgisinin deyil, həm də nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərlərin yaşadığını göstərdi. Bundan əlavə, sosial şəbəkələrdə, ədəbi mühitdə, könüllülük hərəkatlarında və mədəni təşəbbüslərdə aktiv olan gənclərin əksəriyyəti öz milli kimliyinə sahib çıxmağı və onu qürurla təmsil etməyi bacarır. Gənclər öz təşəbbüsləri ilə Azərbaycan tarixi, mədəniyyəti, dili və dini dəyərləri ilə bağlı layihələr həyata keçirir, milli bayramlarımızı coşqu ilə qeyd edir, həm də bu dəyərləri beynəlxalq platformalarda tanıtmağa çalışırlar".
F.Şahbazlı qeyd edib ki, dövr dəyişib, texnologiya və qloballaşma yeni çağırışlar yaradır. Lakin bu, gəncliyin köklərindən uzaqlaşdığı anlamına gəlmir: 
"Əksinə, bugünkü nəsil bu dəyişikliklərə uyğunlaşaraq milli dəyərləri müasir şəkildə ifadə etməyi bacarır. Bu da milli-mənəvi mirasın davamlılığını təmin edən vacib faktordur. Nəticə olaraq, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna sahibdir. Bu sahədə görülən dövlət siyasəti, ailə tərbiyəsi və ictimai təşəbbüslər gənclərin düzgün formalaşmasına mühüm təsir göstərir. Biz bu gəncliklə fəxr etməliyik və onların milli ruhda yetişməsinə daha çox dəstək verməliyik.