Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin xalq artisti Ağadadaş Ağayevin barəsində olan hökm üzrə amnistiya tətbiq edilməsi ilə bağlı müraciətinə baxılıb.
Teleqraf xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ağadadaş Ağayev şərti cəzadan azad edilib. Onun üzərindən məhkumluq götürülüb.
A.Ağayev jurnalistlərə açıqlamasında amnistiya aktı ona da şamil olunduğu üçün Prezident İlham Əliyevə təşəkkür edib: "Mənə göstərilən bu etimadı doğruldacağam. Bundan sonra da xalqıma, dövlət və dövlətçiliyimə xidmət edəcəyəm".
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Ağadadaş Ağayevə 1 il sınaq müddəti olmaqla 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə təyin edilən cəza şərti hesab edilib.
Qeyd edək ki, 2024-cü ilin iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi "MedEra" Hospitalda Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini qeyd edib.
Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.