Rusiyanın “Fest” teatrının 28 yaşlı aktyoru Vladislav Benqraf və onun 23 yaşlı həyat yoldaşı Yevgeniya arasında baş verən hadisə ilə bağlı Moskva vilayəti prokurorluğu məlumat yayıb.
OLAY yazır ki, faciəyə səbəb qadının boşanmaq istəyi olub. Hadisə aprelin 19-na keçən gecə cütlüyün evində baş verib. Sözlü mübahisə bir anda bıçaqların istifadə olunduğu davaya çevrilib. Kişi qadına boyun və sinə nahiyəsindən bir neçə zərbə endirib. Qadın isə özünü müdafiə etmək üçün bıçaq götürərək ona qarşılıq verib. Hər ikisi aldıqları xəsarətlərdən təcili yardım gəlməmiş dünyasını dəyişib. Təcili yardımı səs-küyə görə narahat olan qonşular çağırıb.
Mənbələrin bildirdiyinə görə, cütlük arasında problemlər bir neçə ay əvvəl başlamışdı. Yevgeniya ərinin qeyri-sabit davranışlarından, tez-tez münaqişə yaratmasından, çətinliklərdən şikayət etməsindən və sonra üzr istəməsindən ciddi stress keçirirdi. Nəticədə ayrılmaq qərarına gəlib və ondan evdən köçməsini istəyib. Vladislav müvəqqəti olaraq qayınanasının yanına köçüb, çünki öz anası ilə münasibətləri də mürəkkəb olub.
Faciədən bir gün əvvəl Yevgeniya rəfiqəsinin məclisinə gedib. Vladislav isə həmin axşam qayınanasının evindən çıxaraq gec qayıdacağını deyib. Əvvəl teatra gedərək yeni tamaşa ilə bağlı məlumat alıb, sonra dostları ilə görüşüb. Daha sonra isə Mıtişi şəhərindəki həyat yoldaşının mənzilinə yollanıb və faciə də məhz orada baş verib.