Keçən həftə öd kisəsi əməliyyatı olunan məşhur sənətçi İbrahim Tatlısəs bu gün xəstəxanadan buraxılıb.
Sherg.az xəbər verir ki, xəstəxanada jurnalistlərlə görüşən sənətçi diqqətçəkən açıqlamalar verib.
“İmperator” ləqəbli müğənni 7 aprel tarixində evində halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Həkimlər ona öd kisəsi iltihabı (xolesistit) diaqnozu qoymuş və antibiotik müalicəsinə başlamışdı. Daha sonra əməliyyat qərarı verilmişdi.
Əməliyyatı həyata keçirən professor Bilgi Baca bildirib ki, əməliyyat uğurla keçib, lakin vəziyyət mürəkkəb olduğuna görə Tatlısəs bir müddət reanimasiyada nəzarətdə saxlanılıb.
74 yaşlı sənətçi xəstəxanadan çıxarkən jurnalistlərin “Vəsiyyət etmisinizmi?” sualına belə cavab verib:
“Dövlətə qoymuşam. Bir qəpik də yoxdur. Mən pulumu özüm qazanmışam, atamdan qalmayıb. İstədiyimi edərəm, kimə nə?”
Yeddi övladı olan Tatlısəs oğlu ilə bağlı suallara da sərt reaksiya verib və “Həyatımdan "A" hərfini belə silmişəm” deyə bildirib.
Onun bu açıqlamaları ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.