Kevin Spaceydən etiraf: “Sözün əsl mənasında evsizəm”

Cinsi təcavüz ittihamları sonrası maliyyə baxımından çöküş yaşayan aktyor Kevin Spacey, evsiz qaldığını və müvəqqəti yaşayış yerlərində qaldığını bildirib.

Sherg.az xəbər verir ki, məşhur aktyor İngiltərənin “The Telegraph” nəşrinə verdiyi müsahibədə belə deyib:

“Artıq otellərdə yaşayıram, Airbnblərdə qalıram. Harada iş varsa ora gedirəm. Sözün əsl mənasında evsizəm.”

Baltimordakı evinin maliyyə çətinliklərinə görə hərracla satıldığını bildirən iki dəfə Oskar mükafatı laureatı olan aktyor əlavə edib:

“Son yeddi ilin maliyyə yükü astronomik oldu. Çox az qazandım, amma davamlı xərclədim.”

2017-ci ildən bəri ondan çox şəxs Spaceyi cinsi təcavüzdə ittiham edib. Aktyor bütün ittihamları rədd edib. O, 2023-cü ildə Londonda irəli sürülən dörd ayrı cinsi təcavüz ittihamından bəraət alıb, 2022-ci ildə isə aktyor Anthony Rapp tərəfindən qaldırılan mülki iddiada məsuliyyətsiz hesab edilib.

Haqqında açılan məhkəmə işləri səbəbilə böyük layihələrdə yer tapa bilməyən Spacey, son illərdə əsasən ilk dəfə film çəkən rejissorlarla işləyib və Kiprdə bir növ səhnə proqramı göstərib.