Qlenn Klouz və Ridli Skott fəxri "Oskar" mükafatına layiq görülüblər

Amerikalı aktrisa Qlenn Klouz və məşhur rejissor Ridli Skott fəxri "Oskar" mükafatı alacaqlar.

Oxu.Az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Mükafatlandırma noyabrın 15-də keçiriləcək 17-ci "Governors Awards" mərasimində təqdim olunacaq. Eyni mükafata, həmçinin animator Floyd Norman da layiq görülüb.

Qlenn Klouz daha əvvəl aktyorluq nominasiyalarında səkkiz dəfə "Oskar"a namizəd göstərilsə də, indiyədək mükafatı qazana bilməyib. Ridli Skott isə üç dəfə rejissorluğa, bir dəfə isə ən yaxşı film üzrə prodüser kimi "Oskar"a namizəd olub, lakin o da laureatlar sırasına düşməyib.

Amerika Kino Akademiyası Klouzun "misilsiz emosional diapazonu sayəsində kino tarixinin ən mürəkkəb obrazlarından bəzilərini canlandırdığını" vurğulayıb. Ridli Skott isə "uzun illər ərzində dünya kinosuna və mədəniyyətinə ölçüyəgəlməz təsir göstərmiş əsl vizioner" adlandırılıb.

Floyd Norman haqqında isə bildirilib ki, o, "yaradıcılığı ilə çoxsaylı maneələri aşan və bütöv rəssam nəsillərinə ilham verən əfsanəvi animator"dur. O, "Disney" studiyasında animator vəzifəsində çalışan ilk afroamerikalı olub və "Yatmış gözəl", "101 dalmatin", "Cəngəllik kitabı, "Notr-Dam qozbeli", "Mulan", "Dinozavr" və "Canavarlar korporasiyası" kimi layihələrdə çalışıb.