3 nömrəli tam orta məktəblə qürur duyduq, ƏHSƏN!

Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə 2025-2026-cı tədris ilinin möhtəşəm “Son zəng” tədbiri keçirilib. Həqiqətən də məktəblərimizin artıq türk dünyası üçün yürüməsi, ayağa qalxması, hansı yola çıxdığını dünyaya mesajlaması sevindirici haldır.

Sherg.az xəbər verir ki, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, məktəbin direktoru Almaz Həsrət məzun günü ilə bağlı bu qeydləri edib:

- Məzuniyyət mərasimimizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yox" fikrinin ruhuna uyğun şəkildə təşkil etdik. Bu ideya təkcə bir şüar deyil, həm də ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə sahib olan türk xalqlarının birliyini ifadə edən mühüm bir çağırışdır.

Bu il məktəbimizi yeddi 11-ci sinif bitirirdi. Dünyada hazırda mövcud olan yeddi müstəqil türk dövlətinin sayının da yeddi olması bizi maraqlı bir simvolika üzərində düşünməyə sövq etdi. İnanırıq ki, gələcəkdə Türk dünyası daha da genişlənəcək və türk dövlətlərinin sayı artacaq. Bu inam və qardaşlıq duyğusunu məzunlarımızla bölüşmək məqsədilə hər bir məzun sinfinə rəmzi olaraq bir türk dövlətinin adı verildi.

Məzun siniflərimiz səhnəyə aşağıdakı ardıcıllıqla dəvət olundu:

XI "ə" sinfi – Kuzey Kıbrıs Türk Cümhuriyyəti;

XI "e" sinfi – Qazaxıstan;

XI "d" sinfi – Qırğızıstan;

XI "ç" sinfi – Özbəkistan;

XI "c" sinfi – Türkmənistan;

XI "b" sinfi – Türkiyə;

XI "a" sinfi – Azərbaycan.

Mərasimin ən yaddaqalan və duyğulu məqamlarından biri də məzunlarımızın Türk dövlətlərinin bayraqlarını məktəbimizin gələcəyini təmsil edən balaca fidanlara - bu il birinci sinfə qəbul olunacaq və hazırda birinci sinifdə təhsil alan şagirdlərə böyük ehtiramla təqdim etmələri oldu. Bu addım nəsillər arasında mənəvi körpünün, bilik və dəyərlərin ötürülməsinin rəmzi kimi dərin məna daşıyırdı.

Məzunlarımızın əlində dalğalanan bayraqlar həm də ortaq kökümüzün, qardaşlığımızın və Türk dünyasının birliyinin ifadəsi idi. İnanırıq ki, bu gün məktəbimizdən məzun olan gənclər gələcəkdə ölkəmizin və bütövlükdə Türk dünyasının inkişafına öz layiqli töhfələrini verəcəklər.

Belə məzmunlu və yüksək mənəvi dəyərlərə söykənən bir mərasimin keçirilməsi məktəb kollektivi üçün böyük qürur mənbəyidir. Şagirdlərimizin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və dünyagörüşlü gənclər kimi formalaşması bizim ən böyük nailiyyətimizdir. Bu gün bir daha əmin olduq ki, belə bir məktəbin rəhbəri və müəllimi olmaq, belə gözəl övladlar yetişdirmək hər birimiz üçün böyük fəxr və qürur hissidir. Məktəbimizin Türk dünyasının birliyi, Azərbaycançılıq ideologiyası və müasir təhsil prinsipləri əsasında yetişdirdiyi gənclərlə qürur duyuruq.