Abituriyentlərin seçimi bəlli oldu: Ən böyük müsabiqə I qrupdadır

2026-2027-ci tədris ili üçün ali məktəblərə ixtisas seçiminin təsdiqi başa çatıb.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlamasında qeyd edib ki, hazırda I ixtisas qrupu Riyaziyyat-Kimya alt qrupu üzrə 12710 plan yeri uğrunda 12622, Riyaziyyat-İnformatika alt qrupunda isə 7440 plan yeri uğrunda 10999 abituriyent mübarizə aparır. Ümumilikdə 20150 plan yerinə qarşı 28924 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib: 

- Bu isə o deməkdir ki, I ixtisas qrupu üzrə faktiki olaraq 8774 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək. II ixtisas qrupu üzrə 16030 plan yeri uğrunda 13944 abituriyent mübarizə aparır. 20783 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu da o deməkdir ki, II ixtisas qrupu üzrə faktiki olaraq 4753 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək. III ixtisas qrupunda vəziyyət belədir: Dil-Tarix alt qrupu üzrə 13373 plan yeri uğrunda 24653, Tarix-Coğrafiya alt qrupunda isə 2180 plan yeri uğrunda 11142 abituriyent mübarizə aparır. Ümumilikdə 15553 plan yerinə qarşı 23579 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Deməli, III ixtisas qrupu üzrə faktiki olaraq 8026 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək. IV ixtisas qrupu üzrə 5048 plan yeri uğrunda 5419 abituriyent mübarizə aparır. 6746 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Yəni, IV ixtisas qrupu üzrə faktiki olaraq 1698 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək. V ixtisas qrupu üzrə isə 4735 plan yeri uğrunda 10840-dan çox abituriyent mübarizə aparır. 10840 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu da o deməkdir ki, V ixtisas qrupu üzrə faktiki olaraq 6105 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək. Nəticələrin qarşıdakı 4-5 gün ərzində elan olunması gözlənilir.

Ən gərgin mübarizə və ən böyük müsabiqə I ixtisas qrupundadır. Ən çox abituriyent – 8774 nəfər məhz I ixtisas qrupunda müsabiqədən kənarda qalacaq. 

E.Əfəndi bildirdi ki, I tur müsabiqədə təxminən 29356 nəfərdən çox abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək. I tur müsabiqədən keçə bilməyənlər II turda boş qalan yerlər olarsa, müsabiqədə iştirak edə biləcəklər. Onlar həmçinin eyni zamanda 11 illik bazadan orta ixtisas təhsil müəssisələrinin, kolleclərin də müsabiqəsində iştirak edə biləcəklər.