Ekspertdən abituriyentlərə xəbərdarlıq: İxtisas seçimində bu səhvi etməyin

Eldəniz Əmirov: “Abituriyentin 15-20 il sonrasını düşünmək lazımdır”

İxtisas seçimi dövründə “Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyəti genişləndirilib. Sherg.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsində abituriyentlər ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Mərkəzlər Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, eləcə də DİM-in regional bölmələrində fəaliyyət göstərir.

Bununla yanaşı, rayon təhsil sektorlarında və bəzi ümumtəhsil məktəblərində də DİM-in əməkdaşları tərəfindən abituriyentlərə ödənişsiz məsləhət xidməti göstəriləcək. Onlara tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi, müsabiqə şərtləri, həmçinin ixtisas seçimi zamanı nəzərə alınmalı vacib məqamlarla bağlı ətraflı məlumat veriləcək. Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi 12–19 avqust tarixlərində aparılacaq.

Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsini dəyərləndirən iqtisadçı Eldəniz Əmirov Sherg.az-a açıqlamasında bildirib ki, bu prosesdə əsas meyar yalnız abituriyentin topladığı bal olmamalıdır:

“"İnsan həyatında ən vacib seçim ixtisas seçimi və həyat yoldaşı seçimidir" deyirlər. Bu seçimlərdə verilən yanlış qərar insanlara baha başa gəlir. Valideynlər bu məsələdə sadəcə uşağın topladığı bala uyğun ixtisas axtarmamalıdır. Təəssüf ki, çox vaxt seçim yalnız əvvəlki illərin keçid ballarına baxılaraq edilir. Halbuki keçid balı heç də həmişə universitetin ümumi səviyyəsini və həmin universitetin konkret bir ixtisas üzrə gücünü tam göstərmir. Məsələn, eyni ixtisas üzrə bir universitetdə keçid balı 500-550-dən yuxarı, başqa universitetdə isə təxminən 400-450 ola bilər. Amma əmək bazarında işəgötürənlər ikinci universitetin həmin ixtisas üzrə məzunlarına daha çox üstünlük verə bilirlər. Çünki bilirlər ki, məhz həmin universitet bu sahə üzrə daha yaxşı kadr hazırlayır. Yəni, hansısa bir universitet ümumilikdə güclü ola bilər, amma orada bütün ixtisaslar eyni səviyyədə deyil. Ona görə də ixtisas seçərkən keçid balından başqa daha 3 məsələyə birlikdə baxmaq lazımdır:

 Həmin universitetin konkret ixtisas üzrə real tədris səviyyəsinə;

 Əmək bazarında həmin məzunlara olan tələbə;

15-20 il sonra bu ixtisasın əmək bazarında çəkisinə”.

E. Əmirov hesab edir ki, ixtisas seçimi sadəcə jurnalı qabağa qoyub uşağın balına uyğun kodları yuxarıdan aşağı düzmək deyil:

“ Bunu etmək üçün heç ekspert olmağa ehtiyac da yoxdur. Əsas məsələ kodu yazmaq yox, hansı kodu niyə yazdığını bilməkdir. Çünki, bu günki abituriyent kariyera zirvəsində 15-20 il sonra olacaq. Ona görə də kodlaşdırma edən şəxs əmək bazarının il sonrakı vəziyyəti haqqında viziona sahib olmalıdır. Əlqərəz, övladınız 11 il oxuyub, siz illərlə onun təhsilinə vaxt, pul və zəhmət sərf etmisiniz. Son mərhələdə verilən yanlış qərar bütün bu zəhmətin nəticəsini ciddi şəkildə zəiflədə bilər”.