Geyim mədəniyyətdir və insanın intellektual, əxlaqi, mənəvi səviyyəsini özündə əks etdirir. İnsanlar bu gerçəkliyi çoxdan kəşf ediblər. Diqqət etsək, görərik ki, nəinki ayrı-ayrı dövrlərin, hətta fəaliyyət sahələlərinin də özünəməxsus geyim formaları olub. Bir çox peşələrin insandan fərqli geyim tələb etdiyi də sirr deyil.
Bu fikirləri Teleqraf-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, insanlar geyimlərini peşələrinin, fəaliyyət sahələrinin özünəməxsusluqlarına uyğunlaşdırırlar: "Hətta insanlar öz məişətlərində belə fəaliyyətindən asılı olaraq fərqli geyimlərə üstünlük verirlər: iş paltarı, istirahət paltarı, idman paltarı və sair. Geyim insanın fəaliyyətinin məzmununa uyğun olmalı və ona rahatlıq gətirməlidir. Buna görə insanlar hətta öz məişət fəaliyyətlərində də fərqli geyimlər seçirlər".
Hikmət Əlizadənin sözlərinə görə, müasir dövrdə müxtəlif peşələr var ki, onlar özünəməxsus geyim formaları ilə tanınırlar: "Hərbçilər, hüquq-mühafizə orqanlarının işçiləri, tibb sahəsində çalışanlar, dənizçiləri misal göstərə bilərik. Bu konteksdə müəllimlərin də fərqli geyim formasının olması təqdiredici haldır.
Tarixin müəyyən dövrlərində müəllimlərin özünəməxsus geyim formaları olub. Məsələn, “Dəli Kür” filmində seminariya müəllimlərinin özünəməxsus geyim formasının olduğunu müşahidə edirik. Əlbəttə, başqa məktəblərdə də fərqli geyim formaları olub. Geyim eyni zamanda məsuliyyətdir. İnsan öz fəsaliyyətində geyiminə uyğun addımlar atır. Geyimin insana gizli nəzarət mexanizmi var, desək səhv etmərik".
Hikmət Əlizadə bildirib ki, bütün sənət sahiblərinin memarı müəllimdir: "Müəllimsiz cəmiyyət inkişaf edə bilməz. Hər bir cəmiyyət öz inkişafı üçün, ilk növbədə, müəllimə borludur. Bu mənəvi borcu insanlar yaxşı dərk edirlər. Xalqımızın həyat tərzində müəllimə hörmət və ehtiram həmişə xüsusi yer tutub. Azərbaycan müəllimi daima öz intellektual, əxlaqi, mənəvi və mədəni səviyyəsi ilə fərqlənib. Onlar cəmiyyətə, yeni nəslə nümunə olmaq üçün həmişə ciddi və zövqlü geyimlərə üstünlük veriblər. Müəllimlərin geyimi məktəbi tərbiyəedici mühitinin formalaşmasında mühüm rol oynayır.
Bu konteksdə “Ümumi təhsil haqqında” qanunda müəllimlərin geyimi ilə bağlı vahid yanaşmaya keçirilməsi təklifi təqdirə layqidir. Həm müəllimlərin, həm də şagirdlərin vahid geyim forması məktəbdə təkcə xarici görünüş baxımından deyil, həm də tərbiyəedici, öyrədici və inkişafetdirici mühitin daha da yaxşılaşması üçün mühüm əhəmiyyət kəsb edir.
Bir məsələni də xüsusi vurğulamaq istərdim. Müəllimin geyim forması elə hazırlanmalıdır ki, bu peşənin möhtəşəmliyini özünə əks etdirə bilsin".