IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurovla görüşüb.
Bu barədə Sherg.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirliyin məsul əməkdaşları, həmçinin proqramın əvvəlki illərdə uğur qazanmış məzunları və IV “Maarifçi” proqramının iştirakçıları iştirak ediblər. Kərəm Mansurov “Müasir məhkəmə sistemi və rəqəmsal gələcək” mövzusunda çıxış edib. Çıxış zamanı Məhkəmə-Hüquq Şurasının fəaliyyət istiqamətləri, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, məhkəmə mədəniyyətinin formalaşdırılması, eləcə də rəqəmsal idarəetmə və süni intellektin ədalət mühakiməsində gələcək rolu barədə məlumat verilib.
Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri vurğulayıb ki, müasir məhkəmə sisteminin inkişafı hüquqi bilik və peşəkarlıqla yanaşı, yüksək etik davranış standartlarının qorunması, ictimai etimadın təmin edilməsi və yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə ilə sıx bağlıdır. Rəqəmsal gələcəyin yalnız texnoloji yenilikləri deyil, eyni zamanda yeni düşüncə tərzini, müasir idarəetmə mədəniyyətini və dəyişikliklərə açıq insan kapitalını ehtiva etdiyi qeyd olunub.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.