Magistraturaya qəbul imtahanı: 90 nömrəli məktəbdə ciddi narazılıq yaşanıb

Magistraturaya qəbul imtahanında yaranan problemlər narazılığa səbəb olub. Hava şəraitinin kəskin pisləşməsi və bəzi yollarda nəqliyyatın iflic olması səbəbindən çoxsaylı abituriyent imtahan mərkəzlərinə vaxtında çata bilməyib.

Sherg.az-a daxil olan məlumata görə saat 10:00-da başlamalı olan imtahan 10:30-a qədər gecikdirilsə də, bir çox gənc imtahana buraxılmayıb. Xüsusilə Sabunçu rayonu ərazisində yerləşən 90 nömrəli məktəbdə ciddi narazılıq yaşanıb. İmtahana gələn tələbələr, onların valideynləri və bəzi müəllimlər məktəbin qarşısında gözləməyə məcbur qalıblar. Onlar imtahan başa çatana qədər ərazidən ayrılmayacaqlarını bildiriblər. Qeyd edək ki, imtahan 13-30-da bitəcək.

Narazılıq edən şəxslər əsas səbəb kimi imtahan mərkəzlərinin yaşayış yerlərindən uzaq təyin olunmasını göstərirlər. Onların sözlərinə görə, Neftçilər, Yasamal və Nərimanov kimi ərazilərdə yaşayan abituriyentlər imtahan üçün Sabunçuya yönləndirilib. Onsuz da ağır hava şəraitində uzun məsafə qət etməyin çətin olduğunu deyən valideynlər, nəqliyyat problemlərinin vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıblar.

Valideynlər və gənclər həmçinin magistratura imtahanı üçün 50 manat ödəniş etdiklərini xatırladaraq, imtahana buraxılmamağın onlar üçün həm maddi, həm də mənəvi zərbə olduğunu bildiriblər. Onlar yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumların məsuliyyət daşıdığını və tələbələrin hüquqlarının nəzərə alınmalı olduğunu deyirlər.

Hazırda narazı tərəflər məsələyə rəsmi aydınlıq gətirilməsini və imtahana gecikən abituriyentlərlə bağlı xüsusi qərar qəbul olunmasını tələb edirlər.