Məktəb dəyişikliyi uşaqlar üçün yeni mühitə uyğunlaşma, dostlardan ayrılma və naməlumluq səbəbilə narahatlıq yaradır. Bu prosesdə valideynlərin münasibəti uşağın özünü daha təhlükəsiz və inamlı hiss etməsinə kömək edir.
Sherg.az xəbər verir ki, mütəxəssislər məktəbini dəyişən uşaqlara dəstək olmaq üçün valideynlərə bir sıra tövsiyələr verirlər:
Hisslərini yaşamasına imkan verin
Uşağın qorxusunu “Narahat olmağa heç bir səbəb yoxdur” kimi sözlərlə kiçiltmək əvəzinə, onun nə hiss etdiyini anlamağa çalışın. Yeni mühitin hər kəsdə müəyyən gərginlik yarada biləcəyini izah edin və daha əvvəl öhdəsindən gəldiyi çətin vəziyyətləri xatırladın.
Öz narahatlığınızı idarə edin
Uşaqlar valideynlərinin davranışlarından və bədən dilindən təsirlənirlər. Buna görə də uşağın yanında sakit və inamlı olmağa çalışın. Ona bu dəyişikliklə bacara biləcəyinə inandığınızı hiss etdirin.
Gözləntilərinizi nəzərdən keçirin
Yeni mühitə uyğunlaşmağa çalışan uşaq əvvəlkindən daha çox anlayışa ehtiyac duya bilər. Bəzi mənfi davranışların da narahatlıqdan qaynaqlana biləcəyini nəzərə alın. İlk günlərdə ondan mükəmməl davranış gözləmək əvəzinə, uyğunlaşması üçün vaxt verin.
Onunla təkbətək vaxt keçirin
Telefon və digər diqqət yayındırıcı amillərdən uzaq şəkildə birlikdə vaxt keçirin. Uşağın seçdiyi bir fəaliyyətlə məşğul olun və bu zaman mütləq məktəb barədə danışmağa çalışmayın. Bu, valideyn-uşaq bağını gücləndirir.
Onunla dürüst danışın
Uşağın narahatlığını azaltmaq üçün reallığa uyğun olmayan vədlər verməyin. Yeni məktəbin şərtləri barədə ona dürüst məlumat verin. Əks halda sonradan verdiyiniz sözün doğru çıxmaması uşağın sizə olan etibarını sarsıdır.
Yeni məktəbin rutinlərinə əvvəlcədən hazırlaşın
Məktəb formasını geyinmək, onlayn sistemdən istifadə etmək və məktəb yolunu birlikdə getmək kimi məşqlər uşağın yeni mühitə daha rahat uyğunlaşmasına kömək olur. Məktəbin ilk günlərində bəzi gecikmələrin və dəyişikliklərin normal olduğunu da izah edin.
Narahatlığını azaltmağa kömək edən xüsusi əşya verin
Kiçik uşaqlar üçün valideynlə birlikdə çəkilmiş fotoşəkil, bilərzik, boyunbağı və ya açarlıq kimi kiçik bir əşya rahatlıq yaradır. Uşaq özünü gərgin hiss etdikdə həmin əşyaya toxunaraq valideyninin yanında olduğunu xatırlaya bilər.