"DİM sədrinin təhsil eksperti kriteriyaları, kimlərin bu adı daşımalı olmaları ilə bağlı dediklərində neqativ heç bir detal yoxdu"
Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə təhsil eksperti kimi çıxış edə bilmək üçün şəxslərin hansı kriteriyalara sahib olmasını sadalayıb. “Asan TV”nin efirində danışan M.Abbaszadə deyib ki, təhsil sahəsində ən azı 5 il işləyən və elmi araşdırmaları, məqalələri dərc olunan adamlar təhsil eksperti adı qazana bilər. Bu məsələdə ekspertin təcrübəsi əsas olmalıdır.
Təhsil sahəsi üzrə mütəxəssis olaraq müraciət etdiyimiz şəxslər M.Abbaszadənin fikirləri ilə razıdırmı?
Təhsil məsələləri üzrə ekspert Elmin Nuri “Sherg.az”a açıqlamasında M.Abbaszadənin təqdim etdiyi kriteriyalara iradının olmadığını dedi: 
- Düşünürəm ki, DİM İdarə heyətinin sədri Məleykə xanım Abbaszadənin təhsil eksperti kriteriyaları, kimlərin bu adı daşımalı olmaları ilə bağlı dediklərində neqativ heç bir detal yoxdu. Əksinə, məsələyə kifayət qədər humanist yanaşılıb. Doğrudur, ekspertlik anlayışı ilə bağlı kriteriyalar, onun mahiyyəti ilə əlaqəli yanaşmalar fərqli olsa da, bir reallıq hər zaman danılmazdır- ekspert həm də tədqiqatçı olmalı, tədqiqatlar aparmalıdır. Bu, tədqiqat onun hər hansı sahədə praktiki bacarıqları ilə yanaşı, nəzəri bazarını və yüksək analitik keyfiyyətini əks etdirməlidir. Yalnız bu "üçbucağın" formalaşması ekspertlik funksiyasını etibarlı edə bilər. Bu, da mənim subyektiv yanaşmamdır.
E.Nuri qeyd etdi ki, təhsil sahəsində yalnız repetitorluq edib, ixtisas seçimindən başqa heç bir əlavə bacarıq və üstünlüyə malik olmayanların ekspert kimi təqdimi də anlaşılmazdır:
- Kimsə özünü bu cür təqdim edə bilər, kimə görəsə ildə bir dəfə ixtisas seçimi edib, tik-tokda "keçid balları qalxacaq və ya düşəcək" demək, qəbul qaydalarının texniki tərəfləri, "Şəxsi kabinet"in yaradılması ilə bağlı ödənişli dəstək "ekspertlik" fəaliyyəti sayıla bilər. Amma bu, məhz kiməsə görə belədir. Təhsillə bağlı nəinki hər hansı tədqiqatı olmayan, hətta hər hansı tədqiqatı oxumayan şəxsi belə ekspert adlandırmaq olmaz.