Özbəkistanla Azərbaycan arasında tarixi bağlar var idi, təhsil bağları da yarandı - GÜNDƏM

Ekspertlər hesab edir ki, Azərbaycanda hazırda Türk dünyasını birləşdirmək istiqamətində çox gözəl təşəbbüslər həyata keçirir

Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq ildən-ilə genişlənir. Türk dünyasının ortaq dəyərləri, tarixi və mədəni bağları fonunda universitetlərarası əlaqələrin inkişafı, tələbə mübadiləsi və elmi əməkdaşlıq hər iki ölkə üçün yeni imkanlar yaradır.

Bakıda keçirilən Özbəkistan universitetlərinin III təhsil sərgisində iştirak edən təhsil nümayəndələri, deputatlar və ekspertlər də bu cür təşəbbüslərin Türk dünyasının birliyinə mühüm töhfə verdiyini vurğulayıblar.

Qeyd edək ki, tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.

Daşkənddə yerləşən İNHA Universitetinin Tələbə Qəbulu və İnzibati İşlər üzrə Prorektoru Fürqət Muxiddinov Sherg.az-a Azərbaycanla Özbəkistan Əlaqələrinin gün keçdikcə daha da möhkəmləndiyini söyləyib: 

"Bu gün biz təhsil sahəsində iki qardaş dövlət olaraq yeniliklərə zəmin yaradırıq. 2019-cu ildən etibarən Özbəkistanda təhsil sahəsində böyük dəyişikliklər baş verir. Məsələn, bunu rəqəmlərlə desək, 2019-cu ildə Özbəkistanda cəmi 100 universitet var idi.

Hazırda isə, 2026-cı ildə universitetlərin sayı iki dəfə artıb. Bu gün Özbəkistanda 220 universitet fəaliyyət göstərir. Universitetlərin istiqamətləri və profilləri də müxtəlifdir.

Məsələn, bizdə Amerikadan, Avropadan və Avstraliyadan olan universitetlər fəaliyyət göstərir. Hətta bizim universitet Koreya universitetidir. Buna görə də hesab edirəm ki, Özbəkistanda təhsili davam etdirmək yaxşı seçimdir. Çünki biz daha çox təhsilə fokuslanmışıq. Məhz buna görə də Özbəkistanda çox sayda universitet açılır".

Təhsil eksperti İlqar Oruc da xalqlarımız arasında həm təhsil, həm də digər sahələrdəki birliyin vacib olduğunu qeyd edib;

"Bugünkü tədbir iki dost, qardaş və bütün mənalarda Azərbaycanla çox geniş əlaqələrə malik olan, həmçinin Türk dövlətləri birliyində Azərbaycanla bərabər addımlayan Özbəkistan universitetlərinin sərgisidir. Hesab edirəm ki, bu, Azərbaycanda Türk dövlətlərinin universitetlərinə olan marağın göstəricisidir. Bizi Türk dünyası ilə çox geniş mədəni, tarixi və humanitar əlaqələr bağlayır. Bu mənada iki ölkə arasında təhsil əlaqələrinin və elmi sahədə əməkdaşlığın genişləndirilməsi hər iki dövlət üçün maraqlı və faydalıdır.

Qeyd etdiyim kimi, Özbəkistanla Azərbaycan arasında tarixi bağlar var. Eyni zamanda iki xalqın mədəni əlaqələrinin, həm tarixi, həm də yaddaşdan gələn bağlarının təhsil sahəsində genişləndirilməsi önəmlidir. Azərbaycan gəncləri üçün də son illərdə xüsusilə Türk dövlətlərinin universitetləri kifayət qədər maraq kəsb edir.

Xalqlar arasında yaxınlıq mövcuddur və bu münasibətlər, bu yaxınlıq tələbələrimiz üçün də Özbəkistanda təhsili prioritet edir. Təhsil və elmi əlaqələr bütövlükdə bütün münasibətlərin fövqündə dayanır. Bu mənada intellektual sahədə əlaqələr mütləq şəkildə genişləndirilməlidir".

Ekspert hər iki ölkənin günügündən inkişaf edən universitetlərə sahib olduğunu söyləyib:

"Azərbaycanın bu gün dünyada inkişaf edən və nümunə ola biləcək universitetləri var. Qardaş Özbəkistanın da çox yaxşı təhsil ənənələri mövcuddur. Hər iki dövlətdə digər sahələrdə olduğu kimi, təhsil və elm sahəsi də inkişaf edir.

Gənclərimizin Özbəkistanda təhsil alması, Özbəkistan gənclərinin isə Azərbaycanda təhsil alması bütövlükdə tarixi bağları daha da möhkəmləndirir, onları sarsılmaz edir. Təhsil əlaqələri eyni zamanda gələcəkdə iqtisadi əlaqələrin genişləndirilməsi deməkdir. Təhsil əlaqələri mədəni birliyin daha da möhkəmlənməsi deməkdir.

Eyni zamanda Özbəkistanla Azərbaycan arasında ali siyasi rəhbərlik səviyyəsində ən yüksək dostluq və qardaşlıq münasibətləri mövcuddur. Xalqlarımızın təhsil münasibətlərinin dərinləşməsi, qarşılıqlı əməkdaşlığın genişlənməsi, gənclərimizin qarşılıqlı şəkildə təhsil alması gələcəkdə bu əlaqələrin daha da inkişafına gətirib çıxaracaq. Həmçinin bu münasibətlər güclənən iqtisadi və siyasi əlaqələr üçün də möhkəm baza olacaq".

İlqar Oruc təhsil Azərbaycan və Türk dövlətləri arasında təkcə Özbəkistan deyil, bütövlükdə Türk dövlətləri arasında mədəni, elmi və təhsil əlaqələrinin genişləndirilməsinin öməmli olduğunu vurğulayıb: 

"Bu, həm ölkələrimiz, həm xalqlarımız, həm də Türk dövlətlərinin birliyi üçün faydalıdır.

Bugünkü hadisəni də əlamətdar hesab edirəm. Təhsil və elmlə bağlı bütün tədbirlər faydalıdır. Hər kəsə uğurlar arzulayıram və ümid edirəm ki, gələcəkdə bu əlaqələrin daha geniş üfüqlərdə inkişaf etdiyini görəcəyik".

Biruni Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinin rəhbəri Mərufcan Yoldaşev Azərbaycanda hazırda Türk dünyasını birləşdirmək istiqamətində çox gözəl təşəbbüslərin həyata keçirildiyini söyləyib:

"Bu tədbirdə biz də Biruni Universiteti olaraq öz brendimizi tanıtmağa gəlmişik. Tələbələr üçün çox geniş imkanlar təqdim edirik.

Özəl və yeni universitet olmağımıza baxmayaraq, bu istiqamətdə çox idealist və olduqca dinamik bir universitetik.

Hesab edirəm ki, bu cür tədbirlər həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməlidir. Türk dünyasının gəncləri bir-biri ilə daha sıx ünsiyyət qurmalı, yaxınlaşmalıdır. Məhz bu şəkildə bizim arzu etdiyimiz böyük Türk dünyası formalaşacaq".