Qarabağda təhsilin yeni ünvanı: İstanbul Texniki Universiteti ilə böyük əməkdaşlıq

  • Əsas gözlənti bu əməkdaşlığın yalnız diplom verilməsi ilə məhdudlaşmamasıdır

Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağ Universitetində İstanbul Texniki Universitetinin akademik bölmələrinin yaradılacağı barədə qərar verib. Bu barədə "Rəsmi qəzetə"də xəbər yayımlanıb. 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilib.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında Qarabağ Universitetində İstanbul Texniki Universiteti nəzdində akademik bölmələrin yaradılmasını əhəmiyyətli addım hesab etdiyini dedi: 

- Hesab edirəm ki, bu, Azərbaycan ali təhsil sistemi üçün kifayət qədər əhəmiyyətli addımdır. Burada əsas məsələ yalnız iki universitet arasında əməkdaşlığın genişlənməsi deyil, Qarabağ Universitetinin beynəlxalq akademik mühitinin formalaşdırılmasıdır.

İstanbul Texniki Universiteti mühəndislik və texniki ixtisaslar üzrə Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Belə bir universitetin Qarabağ Universitetində akademik fəaliyyətinin genişləndirilməsi xüsusilə mühəndislik istiqamətində təhsilin keyfiyyətinə, kadr hazırlığına və tətbiqi təhsilin inkişafına ciddi töhfə verə bilər.

Artıq 2026/2027-ci tədris ilindən İTU ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramının başlaması da bu əməkdaşlığın ilk mərhələsi kimi qiymətləndirilə bilər. Akademik bölmələrin yaradılması isə əməkdaşlığın daha institusional və uzunmüddətli xarakter alacağından xəbər verir.

Qarabağ Universitetinin qarşısında həm regionun bərpası və inkişafı üçün, həm də müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması baxımından böyük vəzifələr dayanır. Mühəndislik, texnologiya, infrastruktur və digər texniki istiqamətlərdə güclü kadr potensialının formalaşdırılması bu prosesin əsas elementlərindən biridir.

Ekpert bildirdi ki, əsas gözləntisi bu əməkdaşlığın yalnız diplom verilməsi ilə məhdudlaşmamasıdır: 

- Çox istərdim ki, akademik bölmələrin yaradılması birgə tədqiqatların aparılması, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, laboratoriyaların yaradılması, sənaye müəssisələri ilə əməkdaşlıq və real layihələr üzərində tələbələrin işləməsi də prosesin tərkib hissəsinə çevrilsin. Bu baxımdan Qarabağ Universitetində İTU-nun akademik bölmələrinin yaradılmasını həm Azərbaycan-Türkiyə təhsil əlaqələrinin yeni mərhələsi, həm də Qarabağ Universitetinin beynəlxalq səviyyədə mövqeyinin gücləndirilməsi baxımından müsbət və perspektivli addım hesab edirəm.