“Təhsilin keyfiyyəti ödənişə adekvat olmaldır” - BAHADIR

Ali təhsil müəssisələrində tədrisin qiymətinin baha olması zaman-zaman gündəmə gəlir. Amma faydası olmur. Beləliklə, hər il onlarca yeniyetmə və gənc məhz təhsil haqqını ödəyə bilmədiyinə görə tələbə adından vaxtından əvvəl imtina edir. Son məlumata görə ölkədə ən yüksək təhsil haqqı ADA universitetinin "Hüquqşünaslıq" fakültəsindədir . Burada illik təhsil haqqı 6 min  500 manatdır. Ən aşağı təhsil haqqı isə Azərbaycan Dillər Universitetinin "Alman dili müəllimliyi", "Fransız dili müəllimliyi" fakültələrindədir. Bu ixtisaslar üzrə isə təhsil haqqı 1000 manatdır.

Regionlarda isə təhsil haqları fərqlidir: "Sumqayıt Dövlət Universitetinin qiyabi təhsil üzrə illik haqqı 1200 manatdır. Digərlərində isə bu məbləğ hədsiz dərəcədə yüksəkdir.

 Təhsil eksperti Rafiq İsmayılov da düşünür ki, təhsil haqqı ilə keyfiyyət düz mütənasib olmalıdır. O “Sherg.az a bildirib ki, ali təhsil üçün illik 4 -5 min manat ödəniş o qədər də çox deyil. Amma, əlbəttə, universitetdən universitetə fərq var:

“Elə ali təhsil müəssisəsi var ki, xaricdən mütəxəssis dəvət edir. Çoxları isə bunu etmir. İkinci qrup ali məktəblər üçün hazırkı təhsil haqqı baha hesab oluna bilər. Əsas məsələ keyfiyyətin ödənişə adekvat olmasıdır”.

R.İsmayılov, həmçinin bildirdi ki, tədrisin formasından asılı olaraq təhsil haqqı da dəyişməlidir:

“Şübhəsiz, fərq olmalıdır. Məsələn, Türkiyədə sırf distant tədris sahəsində ixtisaslaşan universitetlər var. Onların xərci çox azdır. Bu mənada ali təhsil müəssisələrinin təhsil haqqını eyni saxlaması düzgün deyil”.