Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar

Biz təhsilin səviyyəsini uşaqlarımızın aldığı ballara, öyrənmə hesab etdiyimiz əzbərə endirdik

Uşaqlarımıza insanı sevməyi, həyatı sevməyi, ətrafındakı canlılara hörmət göstərməyi öyrədə bilmədik

Son dövrlərdə ölkəmizdə və dünyada gənclərin törətdiyi zorakılıq hadisələri hər kəsi ciddi şəkildə narahat edir. 

Bu hadisələrdən biri də aprelin 16-da Türkiyənin Şanlıurfa ərazisində baş verib. Belə ki, Şanlıurfa Siverekdə bir məktəbə 19 yaşlı keçmiş şagirdi basqın edib. Gənc, tüfəklə təsadüfi şəkildə atəş açıb, 10 şagird, 4 müəllim, 1 polis və 1 bufet işçisi olmaqla 16 nəfəri yaralayıb. 19 yaşlı gənc, yaxalanacağını anlayanda eyni tüfəklə öz həyatına son qoyub. 

Bu kimi hadisələr artıq tək fakt olmaqdan çıxaraq daha geniş bir problemin göstəricisinə çevrilir. Müəllimlərə qarşı hücumlar, şagirdlər arasında artan aqressiya və zorakılığın getdikcə adi hala çevrilməsi cəmiyyət üçün ciddi siqnaldır.

Türk pedaqoq, yazıçı-jurnalist Murat Anar uşaqların və gənclərin zorakılığa meyil etmələri ilə bağlı Sherg.az-a danışıb:  

"Bir müəllimi İstanbulda şagirdi bıçaqlayaraq öldürür, Ankaranın Çankaya rayonunda müəllimi şagirdləri zorakılığa məruz qoyur, yenə İstanbulda bir şagirdin valideyni hamilə müəlliməyə hücum edir, digər bir şagirdi isə eyni yaşlarda olan yoldaşları ölümcül şəkildə döyür...

İlk növbədə həm ölkəmizi idarə edənlər, həm də təhsil işçiləri bu sualların cavablarını axtarmalı və bu cavablar əsasında həll yolları tapmalıdır.

Türkiyədə izlənmə rekordları qıran seriallarda, kinofilmlərdə silahla, bıçaqla adam öldürmək, zorakılıq tətbiq etmək adi hala çevrilib. Filmin qəhrəmanı küçəyə çıxır, vurur, yandırır, dağıdır, döyür, amma sonra heç nə olmamış kimi sərbəst şəkildə normal həyatına davam edir. Hətta 7-8 yaşlı uşaqlar belə bu serialları və filmləri ailələri ilə birlikdə izləyir. Ailələri ilə izləməsələr də dostları ilə izləyir, internetdən təkbaşına baxırlar. Zorakılıq məzmunlu bir çox rəqəmsal oyuna da uşaqlar və gənclər üçün çıxış çox asandır. Zorakılıq uşağın və gəncin şüuraltında problemi həll etməyin normal yolu kimi formalaşır, hətta bir haqq kimi qəbul edilir. Təhsil və cəza sistemindəki çatışmazlıqlar bu cür hadisələrinin adiləşməsinə səbəb olur. Günahsız insanların can təhlükəsizliyini təmin etmək ilk növbədə dövlətin vəzifəsidir".

Ekspert bildirib ki, Türkiyənin ən uğursuz olduğu sahə təhsildir: 

"Prezidentimizin də dediyi kimi, “24 ildə bütün problemləri həll etdik deyə bilmərik, 100 ildir həll olunmayan məsələlər qalmaqdadır, təhsildə dövrün gətirdiyi problemlər var". Biz təhsilin səviyyəsini uşaqlarımızın aldığı ballara, öyrənmə hesab etdiyimiz əzbərə endirdik. Uşaqlarımıza insanı sevməyi, həyatı sevməyi, ətrafındakı canlılara hörmət göstərməyi öyrədə bilmədik. Onlara akademik biliklər verdik, amma tərbiyə edə bilmədik. Əgər 19 yaşlı bir gənc əlində tüfəklə rahat şəkildə məktəbə daxil olub bu qədər insanı yaralayırsa, başqa bir gənc bıçaqla məktəbə girib müəllim öldürürsə, burada təhsil müəssisələrindəki təhlükəsizlik boşluqlarını da sorğulamaq lazımdır. Zorakılıq səbəb deyil, nəticədir". 

Müsahibimiz vurğulayıb ki, Türkiyə təcili olaraq təhsil sistemini, cəza sistemini və məktəblərdəki təhlükəsizlik sistemini yenidən nəzərdən keçirməlidir:

"Lazımi tədbirlər görülməzsə, təəssüf ki, zorakılıq hadisələri bütün yaş qruplarında artaraq davam edəcək".