Mütəxəssislər hesab edirlər ki, uşaqlarda mütaliə vərdişinin formalaşdırılması yaş dövrünə uyğun yanaşma tələb edir.
Sherg.az məktəbəqədər yaşdan başlayaraq ibtidai siniflərə qədər valideynlərin dəstəyi uşağın oxu bacarıqlarının inkişafında mühüm rol oynayır.
Məktəbəqədər yaş dövründə uşaqlara sözlərin ayrı-ayrı səslərdən ibarət olduğunu öyrətmək tövsiyə edilir. Bunun üçün sözləri heca və səslərə ayırmaq, müxtəlif oyunlar vasitəsilə uşağın eşitmə fərqindəliyini inkişaf etdirmək faydalıdır.
Birinci sinifdə valideynlərin uşaqlarla birlikdə kitab oxuması vacibdir. Uşağın yaxşı bildiyi və sevdiyi hekayələri yüksək səslə oxuması ona özünəinam qazandırır və oxumağa marağı artırır.
İkinci sinifdə əsas məqsəd oxu sürətini və söz ehtiyatını inkişaf etdirməkdir. Bunun üçün uşağın çətinlik çəkdiyi sözlər müəyyən edilərək müxtəlif oyunlar vasitəsilə təkrar məşq etdirilə bilər.
Üçüncü sinifdə uşaqlar artıq oxuduqları mətnlərdən məlumat əldə etməyə başlayırlar. Bu mərhələdə onların söz ehtiyatının artırılması, tarix, elm və gündəlik həyatla bağlı mövzular ətrafında söhbətlərin aparılması oxu bacarıqlarını gücləndirir.
Dördüncü sinifdə isə uşaqların maraq dairəsinə uyğun kitabların seçilməsi xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər valideynlərə kitabxana və kitab mağazalarına birlikdə getməyi, uşağın maraq göstərdiyi sahələr üzrə kitablar tapmağı tövsiyə edirlər.
Psixoloqların fikrincə, uşaqlarda kitab sevgisini formalaşdırmağın əsas yolu oxumağı məcburiyyətə deyil, maraqlı və zövqlü fəaliyyətə çevirməkdir. Bu yanaşma onların həm dil bacarıqlarını, həm də dünyagörüşünü inkişaf etdirir.