ABŞ texnologiya nəhəngləri Azərbaycana gəlir - EKSPERT

“OpenAI”, “Google”, “Microsoft” Bakıya gəlirsə, yeni texnoloji era başlayır

Bu həm də gənclərimiz üçün yeni iş yerləri və dünyaca məşhur texnologiyaları yerindəcə öyrənmək fürsətidir

“Prezident İlham Əliyev ilə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında keçirilən görüşdə tərəflər arasında süni intellekt üçün böyük bir data mərkəzinin qurulması barədə razılığın əldə olunduğu ehtimal edilir. Bu layihənin baş tutması və mərkəzin ABŞ şirkətləri tərəfindən qurulması ölkəmizin dünyanın ən qabaqcıl rəqəmsal sistemlərinə sahib olması deməkdir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında informasiya-kommunikasiya məsələləri üzrə ekspert Elvin Abbasov bildirib. Mütəxəssis qeyd edib ki, bu, təkcə iqtisadi bir addım deyil, həm də gənclərimiz üçün yeni iş yerləri və dünyaca məşhur texnologiyaları yerindəcə öyrənmək fürsətidir: 

- Belə bir əməkdaşlıq Azərbaycanı regionun əsas rəqəmsal mərkəzinə çevirərək yerli startapların və gənc proqramçıların önünü açacaq. Dünyanın nəhəng Amerika İT şirkətlərinin Azərbaycana gəlməsi ölkəmizdə rəqəmsal ekosistemin tamamilə yenilənməsinə təkan verəcək. "OpenAI", "Anthropic", "Google", "Microsoft" və ya "Amazon" kimi nəhənglərin təcrübəsi və texnoloji bazası yerli bazarda yeni standartlar müəyyən edəcək. Bu şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması həm böyük investisiya axını, həm də azərbaycanlı mütəxəssislərin qlobal layihələrdə birbaşa iştirak etməsi üçün unikal bir şərait yaradacaq. Azərbaycan gələcəkdə dünyaya sadəcə xam enerji resurslarını deyil, həmin enerjini yüksək texnoloji data mərkəzlərində emal edərək "rəqəmsal dəyər" və intellektual məhsul ixrac edəcək.