"Apple" 14 ildən sonra ilk dəfə smartfon bazarına liderlik edib

"Apple" şirkəti 2011-ci ildən sonra ilk dəfə olaraq qlobal smartfon bazarında lider mövqeyə yüksəlib.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Counterpoint" analitik şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə "Apple"ın bazar payı 2 faiz artaraq 20 faizə çatıb. Bu göstərici "iPhone" istehsalçısına dünya üzrə smartfon satışlarında birinci yerə çıxmağa imkan verib.

"Counterpoint"in analitiki Varun Mişra "Reuters"ə bildirib ki, artımın əsas səbəbləri inkişaf etməkdə olan ölkələrdə sabit tələbat və "iPhone" 17 modelinin qlobal miqyasda yüksək satışları olub.

Araşdırmada qeyd olunur ki, "Samsung" smartfon bazarında 19 faiz, "Xiaomi" isə 13 faiz paya malikdir.

Analitiklərin proqnozuna görə, 2026-cı ildə qlobal cihazlara tələbat azala bilər. Buna səbəb çip çatışmazlığı və komponentlərin bahalaşmasıdır. Bildirilir ki, istehsalçılar mobil qurğulardan daha çox süni intellekt üçün məlumat emalı mərkəzlərinin inkişafına üstünlük verirlər.