Azərbaycan kosmik aparat istehsalına başlayır 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Elvin Abbasov: “Rəqəmsal hökumət varsa, rəqəmsal vətəndaş da olmalıdır”
Müasir dünyada süni intellekt, rəqəmsallaşma, elektron hökumət strukturları hər nə qədər inkişaf etmiş olsa da, kibertəhlükəsizlik bir o qədər vacib xarakter daşıyır. Bəzən haker hücumları ən ciddi, dövlət əhəmiyyətli informasiya sistemlərinə də yol tapır, kiberdələduzlar vətəndaşların şəxsi hesablarını da oğurlaya bilirlər.   Mütəxəssislər hesab edir ki, belə şəraitdə rəqəmsal təhlükəsizliyin qorunması üçün effektiv təsirlərə ehtiyac var. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə həyata keçirilən “digital.leadership” proqramı rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, rəqəmsal hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyin artırılması, rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək məqsədilə keçirilir. Bu ilin aprel ayında “digital.leadership” proqramı ilə bağlı növbəti sessiya keçirilmişdi və iştirakçı orqanlar prioritet istiqamətləri müəyyənləşdirmişdi. Bu günlərdə İRİA növbəti sessiyasını Naxçıvanda keçirib. 
İnformasiya kommunikasiya məsələləri üzrə mütəxəssis, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Naxçıvanda keçirilən sessiyada iştirak edib və bu tədbiri məhsuldar hesab edir: 
- Bu sessiyada iştirak etmək olduqca məhsuldar oldu. Budəfəki sammitin əsas fərqləndirici cəhəti, dövlət qurumlarının İKT nümayəndələrinin Naxçıvan Universitetinin yeni İnnovasiya Mərkəzində toplaşması və bununla da, regional potensiala verilən dəyərin nümayiş etdirilməsi idi. Tədbirin ən güclü strateji tərəfi, İRİA rəsmiləri, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyindən və MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məsul şəxslərin birgə iştirakı idi. Bu yüksəksəviyyəli koordinasiya rəqəmsal transformasiyanın mərkəzdən bölgələrə inteqrasiya siyasətinin uğurla həyata keçirildiyini və vahidi idarəetmə prinsiplərinin tam tətbiqini göstərir. İntensiv müzakirələr rəqəmsal ekosistemin təməl məsələlərinə həsr olunmuşdu. Mənim üçün proqramın əsas məqamı isə, şübhəsiz ki, "MyGov Biznes" Platforması idi. Bu platformanın istifadəyə verilməsi sahibkarlıq subyektlərinə bütün dövlət xidmətlərinə "bir pəncərədən" tam və asan giriş imkanı təmin edəcək. Hesab edirəm ki, bu həll bizneslərin dövlətlə münasibətlərindəki sənəd yükünü və arayış məsələlərini optimallaşdıraraq, şəffaflığı və biznes mühitinin cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin, qeyd edim ki, son aylarda İRİA-nın fəaliyyətində müşahidə olunan ictimai şura üzvləri və yerli ekspertlərlə fəal münasibətlər və ictimaiyyətə açıqlıq, Agentliyin öz üzərinə götürdüyü rəqəmsal liderlik missiyasını gücləndirən sevindirici bir faktdır. Bu cür regional görüşlər rəqəmsal liderliyi yerlərdə yaymaq və ölkənin ümumi potensialını gücləndirmək baxımından kritik əhəmiyyət daşıyır.
E.Abbasov bildirdi ki, vətəndaşların rəqəmsallaşma, elektron hökumət portalına giriş və sair sahələrdə məlumatlılığın artırılması vacibdir: 
- Hazırda ölkənin ən böyük insan kapitalı inkişafı təşəbbüslərindən biri olan 4Sİ Akademiyası – “Milli Proqram” layihəsinin fəaliyyəti davam edir. Rəqəmsal transformasiyanın əsas hərəkətverici qüvvəsi olan vətəndaşların potensialının artırılması baxımından bu proqramın strateji əhəmiyyətini nəzərə alaraq, onların bu fürsətdən maksimum yararlanması vacibdir.  İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən "Coursera" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə, hər bir Azərbaycan vətəndaşına (yaş və təhsil məhdudiyyəti olmadan) beynəlxalq səviyyəli sertifikatları ödənişsiz əldə etmək imkanı verir. Hazırda 6-cı kohort üzrə qeydiyyat davam edir. Vətəndaşlar bu unikal imkandan istifadə edərək öz bilik bazalarını və rəqəmsal səriştələrini qısa müddətdə gücləndirməlidirlər. Proqramın insan kapitalının inkişafı üçün strateji üstünlükləri geniş resurslara -  13.000-dən çox kursa və peşəkar sertifikatlaşdırma proqramlarına çıxış imkanının olması və 6 həftəlik ödənişsiz istifadə müddətidir. Əsas sahələr - süni İntellekt, Data Analitikası, Layihə İdarəçiliyi, İdarəetmə və Maliyyə kimi gələcək trendləri müəyyən edən sahələr üzrə bilik təminatıdır. Davamlı və dayanıqlı rəqəmsal gələcəyimizin təminatı üçün gənclərimizin rəqəmsal savadlılığına investisiya ən vacib addımdır. Bu çağırışı geniş şəkildə yaymaq tələb olunur. 
Ekspert qeyd etdi ki, "Rəqəmsal Vətəndaş" konsepsiyası barədə fikrini əvvəllər də bildirib. “Rəqəmsal Vətəndaş” konsepsiyası bir çox ölkədə inkişaf etdirilir. Texnologiya dövründə yaşayırıq, satış və xidmətlərdə bir çox texnologiya həlləri var: 
- Dövlət qurumları xidmətlərini rəqəmsal müstəviyə keçirir. "Rəqəmsal Hökumət"in quruculuğu istiqamətində xeyli işlər görülür. Ağıllı şəhər və kəndlər qurulur, qısacası, ölkəmizdə rəqəmsallaşma sahəsində çoxşaxəli işlər görülsə də, "Rəqəmsal Vətəndaş" barədə bir konsepsiya, bir fikir səsləndirən hələ olmayıb. Hər bir halda bu proses təkcə ölkəmizlə əlaqəli deyil, gedişat odur ki, dünyada yeni bütöv bir nəsil - rəqəmsal nəsil yetişir. Rəqəmsallığın inkişafı üçün təbii ki, öncə "Rəqəmsal Savadlılıq" olmalıdır, sonra "Rəqəmsal Bacarıqlar" səriştəliklər əldə edilməlidir ki, "Rəqəmsal Vətəndaş" və "Rəqəmsal Cəmiyyət" anlayışına keçə bilək. Nəhayətində "Rəqəmsal Hökumət" varsa, rəqəmsal vətəndaş da olmalıdır. Rəqəmsal transformasiyanın mərhələlərini bu formada zəncirvarı düşünə bilərik. 
E.Abbasov bunu da qeyd etdi ki, ölkəmiz həmçinin yeni kosmik aparat istehsalı dövrünə qədəm qoyur: 
- “Azərkosmos” tərəfindən 31 Milyon Manat Nizamnamə Kapitalı ilə “Spacecraft Development and Production” MMC yaradılıb. “Azərkosmos”un 15 illik uğurlu fəaliyyəti Azərbaycanın kosmik sənayesinin təkcə regional operator deyil, həm də perspektivli istehsalçıya çevrilmək ambisiyasını nümayiş etdirir. Orbitdə yerləşən "Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri vasitəsilə qlobal telekommunikasiya və Yerin məsafədən müşahidəsi xidmətləri təqdim edən ölkə, artıq inkişafının keyfiyyətcə yeni mərhələsinə – yerli kosmik aparat istehsalına qədəm qoyur. Bu strateji keçidin əsasını “Azərkosmos” tərəfindən 31 milyon manat nizamnamə kapitalı ilə təsis edilmiş “Spacecraft Development and Production” MMC törəmə müəssisəsi təşkil edir. Bu, “Azərkosmos” tarixində ilk dəfə olaraq ölkə daxilində peyklərin tam dövrü – layihələndirilməsi, yığılması, sistem inteqrasiyası və sınaqdan keçirilməsi imkanlarını formalaşdıracaq təməl addımdır. “Spacecraft Development and Production” MMC-nin fəaliyyətinin əsas bazası olacaq Kosmik Aparatların İnkişafı Mərkəzinin layihələndirmə və dizayn mərhələləri tamamlanıb və yaxın aylarda tikintisinə başlanılacaq. Bu Mərkəz daxilində peyk dizaynı, mexaniki və termal testlər, sistem inteqrasiyası və keyfiyyətə nəzarət kimi mürəkkəb mühəndislik prosesləri həyata keçiriləcək. “Spacecraft Development and Production” MMC-nin yaradılması həm texnoloji müstəqillik, həm də iqtisadi dayanıqlılıq baxımından strateji əhəmiyyət daşıyır. Lakin Mərkəzin hədəfi təkcə Azərbaycanın daxili ehtiyaclarını ödəməklə məhdudlaşmır. MMC-nin əsas məqsədlərindən biri, gələcəkdə beynəlxalq bazara çıxaraq, digər kosmik agentliklərdən, regional operatorlardan və ölkələrdən kosmik aparatların layihələndirilməsi və istehsalı üzrə sifarişlər qəbul etməkdir. Bu, Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda kosmik texnologiya ixracatçısına çevirmək vizyonunu əks etdirir.