Süni intellekt və innovasiya strategiyası Prezident fərmanı ilə mərkəzləşdirildi
Prezident İlham Əliyev Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurasının yaradılması haqqında Fərman imzalayıb. Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təsdiq edilib.
“Sherg.az” xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz imzalanan fərmanla nəhayət ki, rəqəmsal sektorda koordinasiya ilə bağlı uzun müddətdir gözlənilən sənədlərin qəbul edildiyi və sektorda bu işlərə kimin rəhbərlik edəcəyinin dəqiqləşdiyini bildirib:
- Bu gün rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Eyni zamanda 2026–2028-ci illər üzrə Fəaliyyət Planının təsdiqi haqqında Sərəncam qəbul olunub. Əlbəttə , bunlar cari ayın əvvəli Prezident yanında keçirilən müşavirənin məntiqi davamıdır. Bu qərarlar bir neçə mühüm suala aydınlıq gətirdi. Uzun illər müzakirə predmeti olan sektorun koordinasiyası məsələsi nəhayət institusional həllini tapdı. Rəqəmsal İnkişaf Şurasının yaradılması və onun sədrliyinin Birinci vitse-prezident Mehriban Əliyevaya həvalə edilməsi göstərir ki, rəqəmsallaşma ən yüksək icra səviyyəsinə qaldırılır. Bu, sahəvi və pərakəndə yanaşmadan çıxaraq dövlət miqyasında mərkəzləşdirilmiş idarəetmə modelinə keçid deməkdir.
O.Gündüz qeyd edib ki, baş verənlər həm də onu göstərir ki, ümumiyyətlə bu sektora hökumətin ənənəvi baxışları kəskin dəyişib:
- Adi halda gözlənti bu ola bilərdi ki, Şuraya sahə üzrə Prezidentin köməkçisi rəhbərlik etsin. Lakin görünən odur ki, ali hakimiyyət sektorun inkişafını artıq daha geniş strateji çərçivədə qiymətləndirir. Xüsusilə süni intellekt sahəsində regionda və dünyada gedən sürətli proseslər, dövlətlərarası rəqabətin məhz texnologiya üzərindən qurulması və rəqəmsal suverenlik məsələsinin aktuallaşması bu qərarın arxasında duran əsas motivlərdən biri kimi görünür. Fəaliyyət Planı 5 prioritet istiqamət (rəqəmsallaşma, innovasiya, süni intellekt, kibertəhlükəszilik və idarəetmə) üzrə qurulub və hər istiqamətdə “sahəsində fəaliyyətin təkmilləşdirilməsi” nəzərdə tutulur. Bu isə mövcud ekosistemin kosmetik yox, sistemli şəkildə yenilənməsi deməkdir. Düşünmək olar ki , mövcud ənənəvi yanaşmalar dəyişəcək, tənzimləmə təkmilləşəcək, paralel platformalar aradan qaldırılacaq, vahid arxitektura modelinə keçid olacaq və idarəetmə sərtləşdiriləcək.
O.Gündüz hesab edir ki, Fəaliyyət Planı yetərincə konkretdir. Plan çərçivəsində 50-dən çox konkret tədbir müəyyən edilib və hər biri üzrə əsas icraçı qurum, digər iştirakçılar, icra müddəti və ölçülə bilən nəticə göstəriciləri təsbit olunub. Bu, məsuliyyətin konkretləşdirilməsi deməkdir:
- Maraqlı və diqqətçəkən məqam həm də odur ki, RİNN-in adı əsas icraçı qurum olaraq çox yerdə gözə dəyir. Maliyyələşmə mexanizmi də ayrıca qeyd olunub – dövlət büdcəsindən konkret vəsait ayrılması, ayrıca sətirlə nəzərdə tutulması və rüblük hesabat mexanizmi tətbiq ediləcək. Bu isə Planın deklarativ sənəd deyil, icrası ölçüləcək real proqram olduğunu göstərir. Yəni bu Planın arxasında böyük pullar dayanacaq. Şuranın tərkibinə iqtisadiyyat, maliyyə, elm və təhsil, ədliyyə, Mərkəzi Bank və Dövlət Neft Fondu kimi qurumların daxil edilməsi də təsadüfi deyil. Bu, rəqəmsallaşmanın artıq təkcə İKT və texnologiya məsələsi olmadığını göstərir. Söhbət yeni dövlət arxitekturasından, milli rəqabət qabiliyyətindən, rəqəmsal suverenlikdən və iqtisadi modelin transformasiyasından gedir. Düşünürəm ki, burada əsas məqsəd rəqəmsal sahədə pərakəndəliyi aradan qaldırmaq və vahid, mərkəzləşdirilmiş idarəetmə modelinə keçməkdir. Bu da indiki məqamda çox vacib addımdır. Rəqəmsal transformasiyaya, kordinasiyaya Birinci vitse-prezidentin rəhbərliyi şübhəsiz ki, bu sektora böyük maliyyə və resursların ayrılmasını, layihələrin sürətini və icra intizamını gücləndirəcək. Nəticədə isə dövlət xidmətlərinin keyfiyyəti yüksələcək, xüsusən də süni intellekt və rəqəmsal infrastruktur üzrə ölkənin rəqabət qabiliyyəti xeyli güclənəcək.