Hökumət istehsalçılara 90 gün müddət verib

Hindistan bütün telefonlara silinməyən dövlət tətbiqi yükləməyi məcburi etdi

Hindistan hökuməti ölkədə satılan bütün smartfonlara silinməsi mümkün olmayan “Sanchar Saathi” adlı dövlət tətbiqinin əvvəlcədən yüklənməsini tələb edib. Yeni qərar ölkədə məxfilik və dövlət nəzarəti ilə bağlı narahatlıqları artırıb.

Sherg.az xəbər verir ki, hökumət istehsalçılara 90 gün müddət verib və tətbiqin telefon ilk açıldığında görünməsi, həmçinin deaktiv edilə bilməməsi şərtini qoyub. Rəsmi açıqlamaya görə, sistem indiyədək 2,6 milyon oğurlanmış telefonun yerini müəyyənləşdirib və saxta SIM-lərin aşkarlanmasını asanlaşdırır.

İnternet azadlığı müdafiəçiləri qərarı “təhlükəli nəzarət genişlənməsi” adlandıraraq kəskin tənqid edib. Mütəxəssislər tətbiqin gələcək yeniləmələrlə şəxsi məlumatlara giriş imkanı qazana biləcəyini bildirir.

Hökumət mövcud telefonlara da yeniləmə yolu ilə tətbiqin göndərilməsini istəyib. Rusiyada da bu ilin avqustunda oxşar addım atılaraq bütün cihazlara məcburi mesajlaşma tətbiqi yüklənməsi qərarı verilmişdi.