İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert 

Süni intellektdə əməkdaşlıq ölkəmizə əlavə təkan verəcək

Fevralın 3-də Yerusəlimdə Azərbaycan və İsrail arasında süni intellekt sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrail Milli Süni İntellektual Qərargahın rəhbəri Erez Eskel imzalayıblar. Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu da iştirak edib. Sənəd süni intellekt sahəsində qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin inkişafını nəzərdə tutur.

Siyasi Şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında süni intellektlə bağlı sənədin imzalanmasının faydalı olacağını söyləyib:

 "İsrail elmə və texnologiyaya üstünlük verən dövlətdir. Buna görə də çox kiçik əraziyə malik olmasına baxmayaraq, dünyada söz sahibi olan, seçilən və qüdrətli ölkə kimi qəbul edilir.

İsrailin ərazisi təxminən 20-22 min kvadrat kilometrdir, əhalisi isə Azərbaycanın əhalisindən azdır. Buna baxmayaraq, onun iqtisadi gücü, elmi kəşfləri və ümumilikdə dünyaya təsir imkanları olduqca yüksəkdir. Belə bir dövlətlə Azərbaycanın bu cür sənədlər imzalaması, əlbəttə ki, bizim üçün həm gərəkli, həm də faydalıdır.

Xüsusilə İsrailin qabaqcıl texnologiyalarından və elmi nailiyyətlərindən yararlanmaq baxımından bu əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Söhbət süni intellektdən gedirsə, bu sahədə İsrailin imkanlarından Azərbaycanın da istifadə etməsi təbiidir. Qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq uğur gətirəcək".

Ekspert Azərbaycanın da elmin gücünə inanan dövlət olduğunu deyib: 

"Xalqımız da elmin və elmi inkişafın əhəmiyyətini qəbul edir. Bəzi qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda cəmiyyət elmi tərəqqiyə açıqdır. Məhz buna görə də biz inkişafa xidmət edən bu cür sənədlərin imzalanmasına üstünlük veririk. Süni intellektlə bağlı imzalanan sənəd Azərbaycanın bu sahədə daha da irəliləməsinə əlavə təkan verəcək".