- Nabran və Qusarda TURİZM HƏYƏCAN TƏBİLİ çalır
- Eyyub Hüseynov: "Bu şəraitdə turizmi inkişaf etdirmək olmaz. Məsləhət görürəm, qanunsuzluqla üzləşənlər Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər"
Nabrandakı “Star” İstirahət Mərkəzi müştərinin ödənişini geri qaytarmaqdan imtina edir. Bu barədə fəlsəfə doktoru Etibar Əliyev sosal şəbəkədə məlumat paylaşıb.
Qeyd edir ki, Almaniyada yaşayan və bu ölkənin müxtəlif ali mıktəblərində riyaziyyat və fizikadan dərs deyən tələbə yoldaşı, doktor Rəna Cəfərova hazırda Azərbaycandadır və istirahət etmək üçün Nabrandakı “Star” İstirahət Mərkəzinə gedib. № günlü istirahət üçün ödəniş edib, lakin xidmətdən narazı qalaraq mərkəzi tərk etmək istədiyini bildirib və ödənişini geri tələb edib. Amma ona nəzakətsiz bir şəkildə qapını göstəriblər; və deyiblər ki, kimə istəyirsən şikayət edə bilərsən. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, xarici ölkələri və eləcə də mövsümdə ölkəmizin bütün regionları gəzir. Onun sözlərinə görə, şimal bölgəmizdə tələb təklifi o qədər üstələyir ki tam keyfiyyətsiz xidmət və antisanitar vəziyyət hökm sürür:
- Harda ki tələb təklifi üstələyir, belə hallar gözləniləndir. Xüsusən Qusar bölgəsində, Nabranda belə hallar geniş yayılıb. Nabrandan xeyli şikayətlər gəlir bizə, vətəndaşlar narazılıq edirlər, deyirlər, avtomobili saxlamaq üçün yüksək ödəniş tələb olunur, sahibkarlar istədikləri, özlərinə sərf edən qiyməti diktə edirlər. Nisbətən sakit, təmiz, rahat yerlər cənub bölgəsindədir, Zaqatala da vəziyyət qənaətbəxşdir. Amma, məsələn, Şəkidən şikayətlər var. Nabran dəniz sahilində yerləşir deyə, ora çox axın var və antisanitariya da yüksək həddədir. Qonaq qarşılamaq mədəniyyəti isə çox aşağıdır. Almaniyadan gəlmiş soydaşımız, həmin xanım gərək seçimi düzgün edəydi. Əlbəttə, onun istifadə etmədiyi xidmətlərə görə ödənişi geri amaq hüququ var. Təəssüf ki, bu cür istirahət mərkəzlərində istehlakçılara kassa çeki verilmir. Bu da geniş yayılmış qanunsuzluqdur. Ölkədə biznes qurumları üçün toxunulmaz şərait yaradılıb, istehlakçı hüquqları isə tamamilı arxa plandadır. 1991-ci ildə “İstehlakçı Hüquqlarının Müdafiəsi” haqqında qəbul olunmuş qanun çoxdan köhnəlib, yenilənmir. Qanunun icrasına, yerinə yetirilməsinə nəzarət etməli olan qurum da bununla məşğul olmur. Şikayətlərə baxılmır, vətəndaşlar məhkəmələrə göndərilir. İstehlakçıların başına oyun açılır. Bir çaydan çayı 50 manata verirlər. Bu şəraitdə turizmi inkişaf etdirmək olmaz. Məsləhət görürəm, qanunsuzluqla üzləşənlər Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər.