Fransada etirazlar şiddətlənib: avtomobillər və obyektlər yandırılıb

Fransada bahalaşmaya qarşı keçirilən etirazlar zamanı avtomobillər və müxtəlif obyektlər yandırılıb, mağazalar talan edilib. Ölkə üzrə aksiyalara 550 min nəfərin qatıldığı bildirilib.

Sherg.az xəbər verir ki, yerli medianın məlumatına görə, 2018-ci ildən bəri bahalaşmaya qarşı etiraz edən “Sarı jiletlilər” hərəkatına lisey şagirdləri, fermerlər və iqlim fəalları da dəstək veriblər. Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə 500 fərqli nöqtədə aksiya keçiriləcəyini açıqlayıb.

Paytaxt Parisdə etirazçılarla polis arasında toqquşmalar baş verib. Polisə daş və “Molotov kokteyli” atıldığı, bəzi zibil qutularının və dayanacaqların yandırıldığı bildirilir. Yelisey sarayına yaxınlaşmağa çalışan nümayişçilərin qarşısı alınıb, Yelisey meydanında isə etiraz aksiyalarına qadağa qoyulmasına baxmayaraq, bir qrup nümayişçi barrikada qurmağa çalışıb.

Etirazlar Lion, Marsel, Renn və Lill şəhərlərində də davam edib. Lionda mağazalardan biri talan edilib, turizm informasiya mərkəzi yandırılıb. Limoges şəhərində isə bir qrup maskalı şəxs tarixi bələdiyyə binasına daxil olaraq yanğın törədib. Marseldə nümayişçilərin bələdiyyə binasına daxil olmasından sonra əraziyə əlavə polis qüvvələri göndərilib.

Polis mənbələrinin məlumatına görə, ölkə üzrə saxlanılanların sayı təxminən 400 nəfərə çatıb. Saint-Etyen şəhərində isə bir nümayişçinin ağır yaralandığı və əlini itirdiyi bildirilib.

Fransa Daxili İşlər naziri Loran Nunez aksiyalarda 550 min nəfərin iştirak etdiyini açıqlayıb. Təşkilatçılar isə iştirakçıların sayının 800 min olduğunu bildiriblər.

Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədəki paylaşımında respublikada zorakılığa yer olmadığını vurğulayıb. O, dağıntılara və hücumlara görə məsul şəxslərin məhkəmə qarşısına çıxarılacağını bildirib və hüquq-mühafizə orqanlarına dəstəyini ifadə edib.