830 kriptoaktiv dövlətin nəfinə keçdi - Ekspert bunun əhəmiyyətini açıqladı

  • Azərbaycanda kriptovalyutanın müsadirəsi ilə bağlı ilk presedent yarandı

Azərbaycanda kriptolvalyutanın dövlət nəfinə müsadirə edilməsi presidenti yaranıb. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyətinin təşkilində təqsirli biliniblər. B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər. Eyni zamanda, hökmlə ibtidai istintaq dövründə məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş “Binance” beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib. Bu, ilk belə hadisədir.

Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz Sherg.az-a açıqlamasında məhkəmə prosesi barədə fikirlərini bölüşüb: 

- Təxminən bir il əvvəl yazmışdım ki, Azərbaycanda ilk dəfə cinayət işi çərçivəsində kriptovalyutaya həbs qoyulub. İndi həmin iş üzrə məhkəmə prosesi yekunlaşıb və maraqlı bir presedent yaranıb. DTX-nin açıqlamasına görə, Yasamal Rayon Məhkəməsinin hökmü ilə həmin iş çərçivəsində həbs olunanların Binance hesabında saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib. Dərhal qeyd edim ki, “830 ədəd kriptovalyuta” ifadəsi bir qədər qeyri-müəyyən səslənir. DTX söhbətin konkret hansı kriptoaktivdən getdiyinə aydınlıq gətirməyib. Yəni bunun 830 Bitcoin, Ethereum və ya başqa kriptoaktiv olduğu açıqlanmır. İş üzrə müəyyən edilən məbləğlərin böyüklüyünü nəzərə alsaq, təbii ki, bu 830 USDT deyil. Amma əlavə məlumat olmadığından Bitcoin və ya Ethereum olduğunu da dəqiq söyləmək mümkün deyil. Bu tip əməliyyatların özünəməxsusluğu ondadır ki, söhbət fiziki əmlakdan getmir. Beynəlxalq platformada saxlanılan və sərhəd tanımayan rəqəmsal aktivin müəyyənləşdirilməsi və dövlət nəfinə keçirilməsindən gedir. Yetərincə diqqət cəlb edən əməliyyatdır. 

O.Gündüz bildirdi ki, dünyada da belə əməliyyatlar adətən istintaq orqanları, məhkəmələr və qlobal kriptobirjaların koordinasiyası ilə həyata keçirilir. Bu baxımdan DTX-nin kriptoaktivləri müəyyənləşdirərək Binance hesabında bloklatması və prosesi məhkəmə qərarı ilə müsadirəyədək çatdırması kifayət qədər spesifik və təqdirəlayiq bir nəticədir: 

- Beləliklə, Azərbaycanda ilk dəfə kriptovalyuta məhkəmə hökmü ilə dövlət nəfinə keçib. Maraqlıdır ki, ölkəmizdə virtual aktivlərin dövriyyəsini ayrıca tənzimləyən qanun hələ qəbul edilməyib. Bununla belə, mövcud qanunvericilik cinayət yolu ilə əldə edilmiş virtual aktivlərin xüsusi müsadirəsinə imkan verir və artıq bunun praktiki tətbiqini də görürük. Maraqlı sual həm də budur ki, dövlətin balansına keçən bu 830 kriptonun taleyi necə olacaq? Satılacaq, hərraca çıxarılacaq, yoxsa dövlət tərəfindən saxlanılacaq?