İran rəsmiləri Zəngəzur dəhlizində “qırmızı xət”lərini əvvəlcədən yumşaldır
İran ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət etməsinə qarşı deyil. Erməni politoloq Edqar Vardanyanın iddiasına görə, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərindən sonra Tehran bunda özünə qarşı bir təhlükə görmür. O qeyd edib ki, İranın ABŞ-nin bu və ya digər şəkildə iştirakı ilə bağlı müəyyən qeyd-şərtləri vardı, artıq İrəvanda bu suallara aydın, yekun, rəsmi, üzbəüz cavablar alıb.
Tehran belə bir qənaətə gəlib ki, onun ilkin qorxuları neytrallaşdırılır və hazırda onun üçün köklü problem yoxdur. Qeyd edək ki, İran xarici işlər naziri Abbas Araqçı avqustun 15-də yerli KİV-ə müsahibəsində açıq şəkildə Azərbaycanın Zəngəzur dəhlizinə nəzarətinə qarşı çıxıb. Məsələ ilə bağlı Vaşinqtonun ideyasını dəstəkləyən iranlı nazir bildirib ki, Zəngəzur dəhlizinə Azərbaycan nəzarət edəcəkdi, “Tramp yolu”na isə nəzarət ABŞ şirkəti və Ermənistanda olacaq. Araqçı birinci durumun Tehranın maraqlarına uyğun olmadığını vurğulayıb. Azərbaycanın ünvanına absurd iddialar səsləndirən XİN başçısı təxribatçı çıxışında bir az da irəli gedərək söyləyib ki, guya Zəngəzur dəhlizi məsələsində məqsəd Ermənistanın cənubunu ələ keçirmək olub. ABŞ ilə bağlı məsələdə isə bu “təhlükə” aradan qalxır. Nazir İrəvanın məsələ ilə əlaqədar Tehrana “zəmanət” verdiyini də açıqlayıb.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, İran Prezidenti Məsud Pezeşkianla Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı qapalı danışıqlarda rəsmi İrəvanın müəyyən izahat verməsi mümkündür. Ekspert vurğulayıb ki, İrəvan hökuməti hətta sübut edə bilər ki, Zəngəzur dəhlizinin açılması İranın maraqlarına cavab verir:
"Amma bunun hansı arqumentlərlə əsaslandırıldığını anlamaq bir qədər çətindir. Çünki rəsmi açıqlamalar və detallı təqdimat mövcud deyil. Ümumən, anlaşılan ondan ibarətdir ki, İranda artıq anlayırlar ki, Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərmək mümkün deyil. Bu dəhliz İran istəsə də, istəməsə də əvvəl-axır açılacaq. Üstəlik, Zəngəzur dəhlizinin açılmasından və faəliyyətində ABŞ də iştirak edəcək. ABŞ-nin iştirak edəcəyi bir geoiqtisadi layihəyə müqavimət göstərmək, onu əngəlləmək, yaxud bloklamaq İranın gücü daxilində deyil. Ona görə də İran artıq anlayır ki, qarşısını ala bilməyəcəyi bir prosesə start verilib. Bu baxımdan İranın bu vəziyyətdən öz nüfuzuna zərər vermədən çıxmasına ehtiyac yaranıb. Bu səbəbdən rəsmi Tehran belə manevrlər edir. Elə qənaət yaratmağa çalışır ki, dəhlizin açılması İranın maraqlarına zidd deyil və Ermənistanın İranın maraqlarını təmin etmək öhdəliyi götürüb və s. Əslində, rəsmi Tehran bu cür açıqlamaları onu görə verir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra İrana suallar ünvanlanmasın ki, "qırmızı cizgi"ləriniz nə oldu?! O səbəbdən əvvəlcədən belə açıqlamalar verirlər".
Analitik əlavə edib ki, yenə də İrana suallar yönəltmək olar:
"ABŞ Prezidenti Donald Tramp Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla sənəd imzalamazdan öncə Tehran israrla Zəngəzur dəhlizinin onun maraqlarına zidd olduğunu bəyan edirdi. Amma imzadan sonra nədənsə, İranda "qırmızı xətt" mövzusu xatırlanmadı. Nə dəyişdi? Bir imzadan əvvəl ciddi şəkildə pozulan "qırmızı cizgilər" Trampdan sonra ortadan qalxdımı? Bu zaman kəsiyində İranı qane edən məqamların rəsmi Tehran tərəfindən daha detallı açıqlanmasına ehtiyac var. Burada bir məntiqsizlik var. Belə anlaşılır ki, rəsmi Tehran Azərbaycana və Ermənistana təzyiq göstərməyə həvəsli olsa da, ABŞ-nin mövcud olduğu məsələlərdə mümkün qədər geridə qalmağa çalışır. Çünki ABŞ-yə qarşı çıxmağın İranın öz nüfuzuna ciddi zərbə vuracağının fərqindədir".