Avropanı fəth edən model: Uşaq hüquqlarında yeni dövr başlayır

Mehriban Zeynalova: “Bu model uşaqları ikinci travmadan xilas edir”

Bəzən efirdə, sosial şəbəkədə azyaşlılardan alət kimi istifadə olunması halları təəssüf ki hələ də tam ortadan qaldırılmayıb. Uşaq hüquqlarının müdsfiəsi ilə bağlı qanunlar qəbul edilsə də, qanunvericilik aktlarına zəruri dəyişikliklər edilsə də, uşaqların istimarının yenə də şahidi oluruq. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Qərbdə geniş yayılmış “Barnahus modeli” barədə məlumat verib. Modelin üstünlüklərinin nədən ibarət olduğunu “Sherg.az”a açıqlayan M.Zeynalova qeyd etdi ki, bu model ilk dəfə 1998-ci ildə İslandiyada hazırlanıb və uşaqlara qarşı zorakılıq və xüsusilə cinsi istismar hallarında mövcud sistemin çatışmazlıqlarını aradan qaldırmaq məqsədi daşıyır: 

- Bu modelin yaranmasına səbəb ənənəvi hüquqi və sosial müdaxilə mexanizmlərində uşağın bir neçə müxtəlif qurum qarşısında təkrar-təkrar ifadə verməyə məcbur qalması, bunun isə həm psixoloji travmanı dərinləşdirməsi, həm də ifadənin keyfiyyətinə mənfi təsir göstərməsi olmuşdur. Barnahus yanaşması bu problemi sistemli şəkildə həll etməyi hədəfləyərək uşağın mərkəzdə olduğu, onun təhlükəsizliyinin və rifahının prioritet sayıldığı inteqrativ xidmət modelini formalaşdırmışdır. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, hüquq-mühafizə orqanları, psixoloqlar, sosial işçilər və tibbi mütəxəssislər eyni məkanda fəaliyyət göstərir və uşağın ifadəsi yalnız bir dəfə, xüsusi hazırlanmış mühitdə, peşəkar yanaşma ilə alınır. Bu yanaşma həm uşağın təkrar travmatizasiyasının qarşısını alır, həm də hüquqi sübutların etibarlılığını artırır.

M.Zeynalova qeyd etdi ki, ilk tətbiq olunduğu İslandiyada əldə olunan müsbət nəticələr bu modelin beynəlxalq səviyyədə diqqət çəkməsinə səbəb olub və sonrakı illərdə Avropa Şurası tərəfindən təşviq edilərək digər ölkələrə transfer edilib: 

- Xüsusilə Skandinaviya regionunda, İsveç, Norveç, Finlandiya və Danimarkada bu model geniş şəkildə tətbiq olunmuş və institusional sistemə inteqrasiya edilmişdir. Daha sonra Baltik ölkələrində , Estoniya, Latviya və Litvada, eləcə də bir sıra digər Avropa ölkələrində, o cümlədən Almaniya, Polşa, İspaniya və İrlandiyada müxtəlif formalarda tətbiqinə başlanılmışdır. Bu ölkələrdə model ya tam şəkildə, ya da milli hüquqi və institusional xüsusiyyətlərə uyğunlaşdırılmış formada həyata keçirilir. Barnahus modelinin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi onun effektivliyinin sübut olunmasıdır. Bu model uşaqların hüquqlarının qorunmasını yalnız formal hüquqi prosedur kimi deyil, kompleks sosial müdaxilə kimi nəzərdən keçirir. Uşağın maraqlarının üstünlüyü, travmanın azaldılması, multidissiplinar əməkdaşlıq və institusional koordinasiya bu modelin əsas sütunlarını təşkil edir. Eyni zamanda, bu yanaşma Avropa Şurası tərəfindən qəbul edilmiş Lanzarote Konvensiyasının və digər beynəlxalq sənədlərin prinsipləri ilə uyğunluq təşkil edir.